AZ

Rafinya “Bayern”in “cəlladları” dəstəsinə qoşuldu

Çempionlar Liqasının Liqa mərhələsinin “Bayern”lə ev oyunu “Barselona”nın sağ cinah hücumçusu Rafinya üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, braziliyalı futbolçu bu oyunda Almaniya nəhənginin qapısından 3 qol keçirib.

“Mister Chip” “X” sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb ki, Çempionlar Liqası tarixində buna qədər yalnız 4 oyunçu “Bayern”in qapısına 3 qol vurmağı bacarıb:

“Liverpul”dan ingilis hücumçu Alun Evans (1971), “Deportivo La-Korunya”dan niderlandlı hücumçu Roy Makay (2002), “Mançester Siti”dən argentinalı hücumçu Serxio Aquero (2014) və “Real”dan portuqal ulduz hücumçu Kristiano Ronaldo (2017).

Beləliklə, Rafinya “Bayern”in “cəlladları” dəstəsinə qoşulub.

Maraqlıdır ki, “Bayern”lə oyun braziliyalı hücumçu üçün daha bir məqamla yaddaqalan olub. Belə ki, o, “Barselona”nın heyətində 100-cü dəfə meydana çıxıb.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 13 oyun keçirib, 9 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 100 oyun, 29 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 29 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
arena.az

1Mənbələr