AZ

Türkiyə Prezidenti BRICS sammitində terrorizmlə mübarizədə həmrəyliyə görə təşəkkür edib

Türkiyə

Ankara, 24 oktyabr, AZƏRTAC

Ankarada baş verən xain terror aktı Türkiyənin terrorla mübarizə əzmini daha da gücləndirdi.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in Kazanda keçirilən 16-cı sammitinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Türkiyənin dövlət başçısı TUSAŞ müdafiə sənayesi zavoduna qanlı hücum zamanı Ankara ilə həmrəylik nümayiş etdirən bütün ölkələrə minnətdarlığını bildirib. O deyib: “Ankarada törədilən xain terror aktı ilə bağlı başsağlığı və həmrəylik bildirən bütün dostlara təşəkkür edirəm”.

Çıxışına davam edən Türkiyə Prezidenti diqqəti indiki inkişaf mərhələsində iqtisadiyyat və təhlükəsizlikdən tutmuş qlobal ədalətsizlik və iqlim dəyişikliyinə qədər bəşəriyyətin üzləşdiyi çoxsaylı problemlərə yönəldib.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb: “Bu baxımdan biz Kazan sammitinin gündəliyinə daxil edilən mövzuları, yəni ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxqütblülüyün gücləndirilməsini çox vacib hesab edirik”.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra dünyada formalaşan siyasi və maliyyə mexanizmləri artıq dünya ictimaiyyətinin gözləntilərini doğrultmur.

Türkiyə Prezidenti daha ədalətli dünya nizamının formalaşmasının mümkünlüyünə əminliyini ifadə edib və ölkəsinin BRICS ilə dialoqu inkişaf etdirməyə hazır olduğunu bildirib. O əlavə edib: “İnanırıq ki, BRICS platforması qlobal ticarətin inkişafına və daha ədalətli qlobal nizamın qurulmasına töhfə verən davamlı iqtisadi artım məqsədlərinə nail olunmasına əvəzsiz töhfə verəcək”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
18
2
azertag.az

3Mənbələr