AZ

"Dönər"lə bağlı ayrıca qanun norması hazırlanır...

Image

Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlayıb.

Bildirilib ki, sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək risqli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.

Məlumdur ki, son zamanlar dönərdən zəhərlənmə hadisəsi tez-tez yaşanır. Demək olar ki, son zamanlar qida zəhərlənmələri artmaqda davam edir. 

Maraqlıdır, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi dönərdən zəhərlənmələrin azalmasına təsir edəcəkmi?

Eyyub Hüseynov: “Yeni qəbul olunan akt, əlbəttə, zəruridir, lakin onu icra etmək əsasdır”

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni qəbul olunan akt, əlbəttə, zəruridir: “Lakin onu icra etmək əsasdır. Güman edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi özünün qəbul etdiyi normaların icrasına nəzarət edəcəkdir. Hər halda bu  yaxşı bir haldır, dəstəkləyirik. Biz  ictimai təşkilat olaraq əhali arasında təbliğat aparacağıq ki, normalar tələb olunsun”.

Ağa Salamov: “Qaydalara əmək olunarsa  zəhərlənmə halları da azalar,  AQTA-nın bu addımı təqdirəlayiqdir”

Qida təhlükəsizliyi eksperti Ağa Salamov hesab edir ki, məlum  sənədlə qida zəncirinin bütün mərhələlərində gigiyena qaydalarına əməl etmək və təhlükəsiz məhsul hazırlamaq bütün müəssisələr üçün öhdəlik olacaq: “Müəssisəyə daxil olan ətin mənşəyi məlum olmalıdır. Ət AQTA-nın qeydiyyatından keçmiş kəsim məntəqələrindən alınmalıdır. Baytar nəzarətindən keçmiş olmalıdır. Müəssisəyə daxil olan ət məhsulları otaq temperaturunda 10-20 dərəcə istilikdə emal olunmalıdır. Emal olunmuş ət otaq temperaturunda 2-3 saatdan artıq saxlanmamalıdır. Əti avadanlıqlarla təchiz olunmuş şöbələrdə düzgün şərtlər daxilində emal etmək lazımdır. Emal prosesi bitdikdən sonra avadanlıqlar, səthlər, alətlər dezinfeksiya edilməlidir. Gigiyena qaydalarına əməl etmək təhlükəsiz qida əldə etmək deməkdir. Bu qaydalara əmək olunarsa  zəhərlənmə halları da azalar. AQTA-nın bu addımı təqdirəlayiqdir”.

Günel CƏLİLOVA





Seçilən
43
baki-xeber.com

1Mənbələr