AZ

Millət vəkili Rizvan Nəbiyev: Avropa Parlamentinin qətnaməsi sülh sazişi ilə bağlı danışıqlara ciddi zərbədir

“Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi qərəzliliyi, hadisələri və faktlari tam formada təhrif etməsi ilə bütün mümkün ölçüləri aşıb”.

"Operativ Media" xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev deyib.

R.Nəbiyev xatırladıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə uyğun olaraq Ermənistanın 30 illik qanunsuz hərbi işğalına son qoyub. “Bu gün bölgədə de-fakto sülh yaranıb, sabitlik bərqərar olub.

Nəzərə alaq ki, Ermənistan Azərbaycanın təxminən 12 faiz ərazisini 1,5 milyon mina ilə çirkləndirib, torpaqlarımızı işğal edən zaman 700 min azərbaycanlı mülki əhalini qovmaqla etnik təmizləmə həyata keçirib. Ermənistandan qovulmuş 300 min azərbaycanlı isə bu gün də öz doğma evlərinə qayıda bilmir. Bütün bunlara baxmayaraq Avropa Parlamenti belə bir qərəzli və bitərəf qətnamə qəbul edir, olmayan “hərbi əsir”lərdən danışır... Halbuki Avropa Parlamentinin qətnaməsində “müharibə əsirləri” adlandırılan şəxslər Xocalı, Malibəyli, Quşçular, Başlıbel, Ballıqaya, Qaradagli, Ağdaban və digər yerlərdə azərbaycanlı mülki əhaliyə qarşı qətliamları törədənlər, mülki insanlara qarşı hərbi hücumlara əmr verənlər və terrorizmi dəstəkləyən şəxslərdir”, - deyə deputat bildirib.

Milli Məclisin üzvü vurğulayıb ki, qeyd olunan qətnamə Ermənistandakı revanşist qüvvələrin maraqlarına tam şəkildə uyğun gəldiyindən onlar bu sənədi özlərinə dəstək siqnalı kimi qəbul edəcəklər:

“Bu isə kövrək etimad tədbirlərinə və Azərbaycanla Ermənistan sülh sazişi ilə bağlı danışıqlara ciddi zərbədir. Mən Avropa Parlamentinin bu qətnaməsini qətiyyətlə pisləyir və Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoyulmasına çağırıram!”

Seçilən
28
2
operativmedia.az

3Mənbələr