AZ

Avropa Parlamentinin qətnaməsi qərəz və saxtakarlıqda bütün ölçüləri aşıb

Avropa Parlamentinin "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər haqqında qətnamə"si qərəzliliyi, hadisələri təhrif etməsi və faktları saxtalaşdırması ilə bütün mümkün ölçüləri aşmışdır.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan BMT TŞ-nin 1993-ci qətnamələrinə uyğun olaraq Ermənistanın 30 illik qanunsuz hərbi işğalına son qoydu:

"Bu gün bölgədə de fakto sülh yaranıb, sabitlik bərqərar olub. Ermənistan Azərbaycanın 12% ərazisini 1,5 milyon mina ilə çirkləndirib, keçmiş işğal edilmiş ərazilərdən 700 000 Azərbaycanlı mülki əhali qovmaqla etnik təmizləmə həyata keçirib. Ermənistandan qovulmuş 300 000 azərbaycanlı isə bu gün də öz doğma evlərinə qayıda bilmir.

Qarabağ və Şərqi Zənzgəzur iqtisadi rayonlarında dağıdılmış və təhqir edilmiş 65 məscid, Azərbaycanlılara aid saysız hesabsız tarixi-mədəni abidələr barədə isə bir kəlmə belə deyilmir. Qarabağda ermənilərə aid dağıdılan abidə dedikdə yəqin ki, ermənilərin 1828-ci ildə Qacarlar dövlətinin və Osmanlı İmperiyasının ərazilərindən Azərbaycan ərazilərinə köç etmələrinin 150 illiyi münasibəti ilə 1978-ci ildə Ağdərə rayonunda ucaltdıqları və 1988-ci ildə özləri tərəfindən dağıtdıqları abidə nəzərdə tutulur".

Millət vəkili qeyd edib ki, Avropa Parlamentinin qətnaməsində “müharibə əsirləri” adlandırılan şəxslər Xocalı, Malıbəyli, Quşçular, Başlıbel, Ballıqaya, Qaradağlı, Ağdaban və digər yerlərdə Azərbaycanlı mülki əhaliyə qarşı qətliamları törədənlər, mülki insanlara qarşı hərbi hücumlara əmr verənlər və terrorizmi dəstəkləyən şəxslərdir:

"Qeyd olunan qətnamə Ermənistandakı revanşist qüvvələrin maraqlarına tam şəkildə uyğun gəldiyindən onlar bu sənədi özlərinə dəstək siqnalı kimi qəbul edəcəklər.

Bu isə kövrək etimad tədbirlərinə və sülh sazişi ilə bağlı danışıqlara ciddi zərbədir.

Mən Avropa Parlamentinin bu qətnaməsini qətiyyətlə pisləyir və Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoyulmasına çağırıram".

Seçilən
3
modern.az

1Mənbələr