AZ

AzMİU-da COP29-la bağlı forum keçirildi - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu beş gün davam edərək uğurla yekunlaşıb.

"Unikal" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşan forum “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində həyata keçirilib. 

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbirinə töhfə vermək, tələbələr arasında ekoloji şüuru yüksəltmək istiqamətində mühüm addım olan forum 1000-dən çox tələbə və müəllimi bir araya toplayıb. 

Forumun ilk günü açılış mərasimi və üç əsas panel müzakirələrlə yadda qalıb. Panel müzakirələr “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında olub. 500-dən çox iştirakçının qatıldığı bu müzakirələrdə dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri və ekoloji davamlılıq mövzuları sahə mütəxəssislərinin çıxışları ilə geniş müzakirə olunub. 

Bununla yanaşı, “İkinci həyat – dizaynerlərin gözü ilə” adlı tullantılardan hazırlanmış maket sərgisi ilk günün diqqət çəkən tədbirlərindən biri olub.

Növbəti günlərdə isə tələbələrin iştirakı ilə müxtəlif ekoloji tədbirlər keçirilib. Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkil etdiyi “BrainStorming” yarışında 110-dan çox tələbə bir araya gələrək ekoloji problemlərin həlli üçün innovativ ideyalar təqdim edib. Onlar, eyni zamanda ekoloji mövzuda biliklərini nümayiş etdirib. 

TGT-nin nəzdində CreArt Klub tərəfindən tələbələr üçün iki vörkşop da təşkil olunub.  Vörkşoplarda 150-dən çox tələbə iştirak edib, onlar tullantılardan maketlər hazırlayıb, dipçəklər üzərində rəsmlər çəkərək ekoloji problemlərə nəzər yetiriblər. 

Forumun önəmli hissələrindən biri isə Xəzər sahillərində təşkil olunan təmizlik aksiyası olub. 100-dən çox tələbə bu aksiyaya qatılaraq sahillərin tullantılardan təmizlənməsinə öz töhfələrini veriblər. Bundan əlavə, 120-dən çox tələbə Bakının xüsusi seçilmiş ərazisində genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib.  Aksiyalar təbiəti qorumaq, ekoloji davamlılığı təşviq etməkdə mühüm rol oynayıb. 

Forumun yekununda universitetin həyətində 150 nəfərin iştirakı ilə fləşmob təşkil edilib. 

Qeyd edək ki, forum AzMiU tələbələrinin ekoloji problemlərin həllinə verdikləri töhfələri, yaşıl dünya naminə həmrəyliyin gücünü və bir neçə həftə sonra gerçəkləşəcək COP29 konfransına dəstəklərini nümayiş etdirmək məqsədi danışıb.

AzMİU tələbələrinin COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində göstərdikləri fəal iştirak, ekoloji problemlərin həllinə gənclərin mühüm töhfəsini ortaya qoyur, o cümlədən onların ətraf mühitə olan məsuliyyətlərini gücləndirir.

Seçilən
43
50
unikal.az

10Mənbələr