Oktyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib.
Redaktor.az-ın məlumatına görə, gündəlikdəki məsələlər barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, birinci məsələ olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) sözügedən kateqoriyadan olan uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Komitə sədri layihədə nəzərdə tutulan həmin şəxslərə ilk dəfə işə düzələn zaman verilən yardımların artırılmasından danışıb.
Gündəliyin ikinci məsələsi - “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, arbitraj institutu ilə əlaqədar yeni tənzimləmələrə uyğun olaraq sənəddə "münsiflər məhkəməsi" termininin "arbitraj məhkəməsi" termini ilə əvəzlənməsi təklif olunub.
Qanun layihələrinin müzakirəsində deputatlar Vüqar Bayramov, Göydəniz Qəhrəmanov çıxış ediblər, təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər. İclasda müzakirə edilən qanun layihələri ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Jalə Əliyeva, Soltan Məmmədov, Əziz Ələkbərov, Sevinc Hüseynova, Nigar Məmmədova və digər rəsmi şəxslər də iştirak ediblər.