AZ

Qışda isinə biləcəyik? - “Azəristiliktəchizat”ın ləğv olunması tələb edilir

Payızın dəyişkən havası özünü göstərməkdədir. Paytaxtda hava şəraiti mülayim olsa da, dağlıq və dağətəyi rayonlarda artıq havalar soyuyub. Havalar soyuduqca, insanların istiliklə bağlı qayğıları artır. Çünki əksər çoxmənzilli binalarda yaşayan sakinlər qış aylarında mənzillərin yaxşı qızdırılmamasından gileylənirlər.

Müqavilə mütləqdir

Qeyd edək ki, ölkəmizdə mənzillərin və fərdi evlərin isidilməsi üçün müxtəlif mənbələrdən istifadə olunur. Bakıda və digər iri şəhərlərdə xeyli sayda çoxmənzilli yaşayış binası mərkəzləşdirilmiş qaydada qızdırılır. Mərkəzi istiliyin verilməsi hər il noyabrın 15-də başlayıb aprel ayının 15-də sona çatır. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Yəni bununla bağlı istehlakçı və "Azəristiliktəchizat" ASC arasında müqavilənin olması mütləqdir. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab edilir. Lakin sözügedən müqaviləni bağlamaqdan imtina edənlər də az deyil. Vətəndaşlar buna əsas səbəb kimi xidmət keyfiyyətinin aşağı, istiliklə bağlı tariflərin yüksək olmasını göstərirlər.

Xatırladaq ki, bu xidmətin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda “Azəristiliktəchizat”dan istilik alan əhali qrupu mənzilin hər kvadrat metri üçün 15 qəpik, qeyri-əhali qrupu üzrə bir kub isidilən həcmə 25 qəpik, bir Qkala görə isə 30 manat ödəyir.

Bəs, görəsən, mövcud problemin həlli istiqamətində hansı addımların atılmasına ehtiyac var? "Azəristiliktəchizat" ASC yeni mövsümə necə hazırlaşır?

Köhnə qazanxanalar yenidən qurulur

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyir ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir: “Hər il hazırlıq mövsüm başa çatdıqdan sonra növbəti mövsüm başlayan günə qədər davam edir. Magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılır, qazanxanalarda təmizlik işləri aparılır, avadanlıqlar yoxlanılır. Hazırda qurumun balansında 564 qazanxana mövcuddur.

Ümumilikdə, 3 871 yaşayış binası, 184 500-dən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2 224 sosial və təsərrüfat obyektləri istiliklə təmin olunur. Məhz bu il 564 qazanxanadan beşi sökülərək yerində yenisi qurulub. Səbail, Nizami, Nərimanov və Yasamal rayonunda daha dörd qazanxana sökülüb və hazırda yerində müasir tipli qazanxana tikilir. Səbail rayonunda bir qazanxana isə zirzəmidən çıxarılaraq yeni layihə əsasında qurulur. Yenidən qurulan qazanxanalar daha təhlükəsiz, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən daha təmizdir”.
Mətbuat katibinin sözlərinə görə, yeni qazanxanaların tikilməsi daha çox istehlakçıya xidmət göstərmək imkanı yaradacaq: ”Məsələn, Nizami rayonu ərazisində sökülən qazanxana ilə əvvəl 19 binanı istiliklə təmin etmək mümkün idisə, yeni qazanxana 29 binanı istiliklə təmin etmək gücünə malikdir”.

Seçilən
15
5
publika.az

1Mənbələr