Kulis.az Türkiyə yazıçısı Hakan Gündayın "Ayılma" hekayəsini təqdim edir.
1970-ci ildə verdiyi bir müsahibədə 25 yaşlı Suadiyyə Dəm belə demişdi: "Bir kinoteatr zalındakı işıqlar yandığı müddətcə pərdənin necə iyrənc göründüyünə heç diqqət yetirmisiniz? O, necə çiyrindirici və bəyazdırsa, az sonra səni o xəyallar dünyasına aparacaq möhtəşəm tamaşanın həmin pərdənin səthində baş verəcəyinə heç inanmağın gəlmir. Amma elə ki, işıqlar sönür, o pərdə qaralır, bax, hər şey məhz onda başlanır. Çünki sən də bilirsən ki, film məhz həmin o qaranlığın qoynundan boy göstərəcək. Həyəcanla gözləyirsən, ürəyin ta ağzına qədər gəlir və sonra qəfildən film başlanır! Buna görə də o deyim yanlışdır, məncə. Yəni "bəyaz pərdə" ifadəsi əsla kinonun sinonimi sayıla bilməz. Hətta bunun tam əksidir! Çünki bəyaz pərdə olsa-olsa, işıqlar sönənə qədərki gerçək həyatın simvoludur! Bu isə o mənaya gəlir ki, "kino" deyilən şey məhz qara pərdədən başlanır! Başa düşdünmü, əzizim? Məsələn, şəxsən mənə "qara pərdənin ulduzu" deyilsəydi, bu, bəlkə könlümə daha çox yatardı! Hə, başqalarına siz "bəyaz pərdənin ulduzu" da deyə bilərsiniz, onunla işim yoxdur... Əslinə qalanda, heç gerçək həyat da məni sən deyən maraqlandırmır!"
Beləcə, Suadiyyə Dəm o "qara pərdə"yə işıq salan ən böyük ulduza çevrildi. Yəni kinonun qütb ulduzuna! "Yeşilçam"ın hələ bir Yeni il küknarı qədər gözləri qamaşdırdığı illərdə şöhrətə aparan yollar bir hədiyyə bağlaması misalı onun qarşısında açıldı və o, düz 261 filmdə baş rolları oynadı. Bədən çəkisi o 43 il boyu heç dəyişməsə də, boyu dörd santimetrədək qısaldı. İstəsə də, istəməsə də, 68 yaşına doldu. Ancaq hələ də gözəl sayılırdı və bir gözəl kimi də öləsiydi. Üstəlik, onunla birgə ölməyi arzulayan milyonlarca kişinin içindən sadəcə beşini seçib, onlarla evləndi də.
Sonra isə məhkəməyə gedərək, boşanmaq istədiyini bildirdi. Çünki həmin kişilərin heç birinin böyründə yuxulaya bilmədi, yalandan özünü yatırmış kimi göstərdi. Həyatda "Yatmış gözəl" roluna hazırlaşarkən litrlərlə cinə və tonusqaldırıcı içkiyə üstünlük verdi. O qədəhlər ucbatından isə düz üç dəfə hamiləliyi yarıda kəsildi. Üç kərə ölü uşaq doğdu, üç kərə də bunları unutmağa çalışdı. Amma il gəlib, 2013-ə çatanda, Suadiyyə Dəm daha dözə bilmədi və üz tutduğu həkimə belə dedi:
"Yuxum qeybə çəkilib! Cavan qız olarkən də belə idim... Yuxulasam belə, həmişə yataqdan yorğun-arğın qalxıram. Əslində axırıncı dəfə nə vaxt köksdolusu, dərindən nəfəs aldığım da xatirimə gəlmir. Elə bil qabırğalarım bir-birinə yapışıb... Ceyranları görübsünüz də? Onlar da həmişə ürkək və narahat dolaşırlar. Mən də haçan yuxulamaqdan ötrü gözlərimi yumsam, eynən o ceyranlardan biri oluram. Hətta o ara bir meşənin yeganə ceyranına da çevrilirəm! Sanki hər kəs ardımca düşüb və illah məni ovlamağa can atır! Halbuki mən sadəcə yatmağa çalışıram..."
Həkimdən: "Başa düşdüm" - cavabını alan Suadiyyə:
- Bunu heç zənn etmirəm, - dedi. Sonra sol əlinin barmaq uclarıyla həkimin biləyinə xəfifcə toxundu. Bu jestə "Suadiyyə Dəmin kişiləri hayıl-mayıl edən sehirli təması" adı verilmişdi. Sırf bu təmas sayəsində o, dörd rejissoru özünə dəli kimi aşiq etmiş, beləcə əsl ulduza çevrilmişdi. Gözləri qıyılan həkimin ağzı qulaqlarına getdi. Sonra bu təklifi etdi:
- Onda, gəlin, sizi bir yuxu testindən keçirək.
- O, nəmənədir elə?
- Bir gecəliyinə klinikamızın qonağı olun. Burada yuxu testi üçün hər şəraitə malik gözəl otağımız var. Bədəninizə bir neçə elektrod taxılandan sonra orada uyuyacaqsınız. Biz isə yuxuya dalma prosesini, ürək döyüntülərinizi, dərin yuxuya getmənizi, yəni hər bir göstəricini qeydə alacağıq. Narahat olmayın, əgər yuxuya getməsəniz, sizə həb də içirərik... Bizdən ötrü ən vacib məqam - yuxuya getmənizdir... Yeddi saat boyu qeydlər aparacağıq. Həmin müddət ərzində cəmi bircə saatlığına dərin yuxuya getsəniz, elə o da işimizə yarayacaq. Buna nə deyirsiniz?
Suadiyyə soruşdu:
- O otaqdan dəniz görünür?
- Dəniz kimdir ki?
- Otağın dənizə baxıb-baxmadığını deyirəm də...
Həkimin:
- Təəssüf ki... - sözləriylə başlanan cümləsini yerindən qalxan Suadiyyə yarımçıq kəsdi:
- Sabah axşamacan hazırlayın o otağı.
Klinikanın yuxu mərkəzi qısa bir dəhlizə açılan üç otaqdan ibarət idi. Bunların biri hazırlıq, digər ikisi isə müşahidə və yuxu üçün nəzərdə tutulmuşdu.
Həkim ilə qadın arasında ora-bura vurnuxan 28 yaşlı qadının adı isə Məric idi. Suadiyyə Dəmin yuxu testinə girəcəyini o, bir təsadüf nəticəsində öyrənmiş, həmin axşamkı növbəni təhvil almaqdan ötrü özü kimi texniki işçi olan yoldaşına dil tökərək demişdi:
- O qadına hədsiz heyranam! Sən canın, izn ver, bu gecə növbəsini mən çəkim!
Razılığı almışdı. Buna görə də uclarına elektrodlar taxılan naqilləri birbəbir masanın üzərinə düzdüyü anlarda həm gülümsəyir, həm də həyəcandan əl-ayağı titrəyirdi. Axı yaşayan bir əfsanə ilə tanış olacaq, bir gecə uzunu o canlı əfsanəni izləmək fürsəti qazanacaqdı. Müşahidə otağındakı monitor vasitəsiylə o qadına gözləri dolusu baxa biləcək, hətta onun qəlb döyüntülərini də dinləyəcəkdi. Səhər açılıb, test yekunlaşanda isə heç kəs Suadiyyə Dəmi onun qədər izlədiyini heç cür iddia eləyə bilməyəcəkdi...
Gecəyarıya on beş dəqiqə qalmış yuxu mərkəzinin dəhlizində bir meh əsdi, sonra isə yatdı. Ardından Suadiyyə Dəm orada zühur elədi... Əynində bürüncək var idi və dəhlizə girən kimi onu soyundu.
- Gecə paltarımı götürmüşəm, canım! - deyib gülümsədi və bürüncəyini əlüstü Məricə uzatdı. Təlaşını güclə yenməyə çalışan Məric isə hazırlıq otağını nişan verərək, sadəcə:
- Bu... Bu... Buyurun! - deyə bildi.
Dünyadakı bütün klinikaların sahibinə xas bir əda ilə otağa keçən Suadiyyə Dəm ətrafına göz gəzdirdi və dönüb, ondan soruşdu:
- İndi neyləyəcəyik?
Məric boş kreslonu göstərdi. Bir taxta oturarmış kimi orada əyləşən Suadiyyə maraqlandı:
- Adın nədir sənin?
- Məric.
- Hə, Məric, elə isə başlayaq, getsin!
Sonrakı bir saat boyu Meric on səkkiz dənə elektrodu tələsmədən Suadiyyənin başına, gicgahlarına, çənəsinə, sinəsinə və ayaqlarına taxdı. Həmin dəqiqələrdə Suadiyyə heç dinib-danışmadı. İşini yerli-yerində görsə də, Məric özünü nədənsə heç yaxşı hiss eləmirdi. Yaşayan əfsanənin saçlarının dibindəki bir-iki millimetrlik bəyazlıq bu ulduzun hələlik həyatda olduğunu göstərsə də, onları görən Məricin özündən ixtiyarsız gözləri yaşardı.
- Hə, Suadiyyə xanım, artıq qalxa bilərsiniz...
Qoluna girən Məricin köməyi ilə yuxu otağına tərəf yönələn Suadiyyə dedi:
- Vallah, məsələnin bunca əziyyətli olacağını bilsəydim, heç razılıq verməzdim! Əsla verməzdim! Bu nədir belə?! Düşdüyüm hala bax! Hər tərəfim naqildir!
Məric sadəcə bunu deyə bildi:
- Hə. Haqlısınız...
Suadiyyəni çarpayıya uzatdıqdan sonra müşahidə otağına keçən Məric elektrod bağlantılarını yoxladı və bunun ardınca ona: "Yuxunuz şirin olsun!" - dedi.
- Onu hələ sınayıb-görəcəyik, Məric xanım! Şirin olacaq, yoxsa acı?
Aradan iki saat ötməsinə rəğmən, Suadiyyə hələ də yuxuya gedə bilməmişdi. Gözlərini sürəkli yumulu tutmuş, amma heç cür mürgüləməmişdi. Qapını açıb, qaranlıq otağa girən Məric dedi: "Həb gətirdim..."
Bu dərmanı içdikdən əlli bir dəqiqə sonra Suadiyyə huşa getdi.
Məric isə müşahidə otağındakı hər iki monitoru diqqətlə izləməyindəydi.
Bunların biri gecəgörmə kamerasının önündə yatan Suadiyyə Dəmin ümumi görünüşünü, digəri isə elektrodlardan gələn siqnallara əsasən qrafikləri özündə əks etdirirdi. Bu yuxu mərkəzində işlədiyi dörd il ərzində Məric yüzlərlə yuxulu insanı müşahidə elədiyi üçün bu iş hər səfər ona xeyli cansıxıcı gəlirdi. Hətta sırf bu səbəbdən işdən çıxmaq niyyətinə də düşmüşdü. Amma Suadiyyə Dəm yuxudakı hər kəsə bənzəmirdi. Sanki indi də o, ekranda yatan bir qadın, ya da uyuyan mələk rolunu... oynayırdı.
Adi vaxtlarda bu cür növbələrdə Məric musiqi dinləyərdi, ancaq indi qarşısında açılan səhnəyə sadəcə səssizliyi yaraşdıra bilərdi. Şahidi olacağı hər şeyi sonradan xatırlamağı umurdu deyə, Suadiyyə Dəmin burada ikən aldığı hər nəfəsi öz yaddaşında qoruyub-saxlamağa çalışırdı. Klinikanın həmin mərtəbəsində ikisindən başqa bir kimsənin olmadığını da bilirdi. İkilikdə idilər... Biri yatır, digəri isə onu izləyirdi... Biri dərin yuxuya getməyə çalışır, digəri isə həmin anın nə vaxt yetişəcəyini gözləyirdi.
Məric daha dözə bilmədiyi üçün durub, otaqdan çıxdı. Dəhlizdə dayanarkən dərin nəfəs aldı və üsulluca iki addım atmaqla, yuxu otağının qapısını açdı. Az sonra edəcəyi əməli gerçəkləşdirməsəydi, ən azı qalan ömrü boyu bundan dərin peşmanlıq çəkəcəyindən arxayın idi. İndi yeganə arzusu - ta uşaqlıqdan bəri heyranı olduğu bu qadının yanında uzanmaqla, ona lap yaxından tamaşa eləmək idi. Hə, sadəcə bunu diləyirdi... Suadiyyə Dəmin yanında olmaq, vəssalam... Sonrası isə vecinə deyildi. Nə olacadısa, olsun...
İstənilən halda həm kamera, həm də ölçü qeydlərini təhvil vermək səlahiyyəti onda idi. Səhər ilk iş kimi yaddaşa yazılan gecə qeydlərindən lazımi epizodları silə və deməli, yox eləyə bilərdi. Yəni Məricin Suadiyyə Dəmin böyrünə ehmalca uzandığını nə bir kimsə görəcək, nə də bundan xəbər tutacaqdı...
Nəfəsini içinə qısan Məric burada, böyründə uzanan misilsiz qadına tamaşa edir, saçlarının arasından boy göstərən xeyli naqil sayəsində onun qədim bir ilahəyə bənzədiyi barədə düşünürdü. O dəm Məric gülümsədi və bu vəziyyətdəcə donub qaldı, çünki Suadiyyə:
- Get... - demişdi.
Məric iş başında yaxalandığını, məhvə sürükləndiyini, hər şeyin yerləbir olduğunu sandı... Yerindəcə quruyub, qaldı. Qorxusundan heç gözlərini də qırpmadı. Amma Suadiyyə məhz: "Get..." demişdi. Gözləri qapalı vəziyyətdə olsa da, belə demişdi. Odur ki, daha burada ləngiyə bilməzdi. Məric yavaşca yerindən dikəlməyə çalışırdı ki, Suadiyyə təkrar danışmağa başladı: "Əfv elə... Məni bağışla... Lütfən get..."
Suadiyyənin sayıqladığını başa düşən Məric bayaqdan tutduğu nəfəsini buraxdı və eləcə yerində qımıldanmadan ətrafına qulaq kəsildi.
"Reyhan... Reyhan, lütfən..."
Suadiyyənin tənəffüsü də, sayıqlamalarının şiddəti də xeyli sürətlənmişdi. Bir an əvvəl çarpayıdan qalxıb, getmək istəməsinə rəğmən, Məric adi bir hərəkətinin nə ilə nəticələnə biləcəyindən heç cür arxayın ola bilmirdi. Yataqda dikəldiyi an Suadiyyə çımxırdı: "Getmə! Reyhan, getmə!"
Suadiyyə artıq həm ağlayır, həm çığırır, həm də yumruqlarıyla yatağı döyəcləyirdi. O Reyhan hər kim idisə, onun nə getməsini diləyirdi, nə də qalmasını. Bəlkə də Reyhandan dilədiyi tək şey onu əfv etməsiydi, çünki artıq sadəcə: "Məni əfv elə!" - deyə çığırırdı.
Bu çığır-bağır fonunda özünün otağa girməsinin qəribə qarşılanmayacağını düşünən Məric qadına pıçıldadı: "Suadiyyə xanım!" Eyni vaxtda yerindən qalxmağa da cəhd göstərdi... Məricin səsini eşidən kimi Suadiyyə bu cavan xanımın biləyindən yapışıb, onu var gücüylə sıxmağa başladı: "Reyhan, məni bağışla! Mən bacarmadım!"
Çarəsiz halda biləyini sərt məngənədən xilas etməyə çalışsa da, Məric bunu bacarmırdı. Suadiyyəni oyandırmağa cəhd göstərməklə yanaşı, ona hər hansı zərər yetirməkdən də qorxurdu. Bu səbəbdən sadəcə pıçıltıyla danışırdı:
- Oyanın, nə olar... Oyanın da... Suadiyyə xanım, siz qorxulu bir yuxu görürsünüz...
Ancaq Suadiyyə oyanmaq bilmirdi. O, yalnız və yalnız bağışlanmağı umurdu.
Hətta buraxmadığı o biləyi dodaqlarına tərəf aparmaqla, öpməyə də çalışırdı...
Məric buna dirənə bilmədi... Reyhanın adından danışmağa məcbur qaldı:
- Səni bağışlayıram! Eşidirsən məni? Səni əfv edirəm, Suadiyyə!
O dəm donub qalan Suadiyyə bir an sonra sanki özünə gəlib dedi: "Reyhan... Səni sevirəm!"
Baxışlarını əlində tutduğu sənəddən ayıran həkim gülümsədi.
- Suadiyyə xanım, baxın, testin bütün nəticələri burada yazılıbdır... Göründüyü qədəriylə, xeyli rahat yatıbsınız... Şikayətinizi dinləyərkən mən, təbii ki, daha ciddi bir fəsadla qarşılaşacağımızı umurdum, amma sizdə yüngülvarı bir apne (yuxuda ikən insanın tənəffüsünün qısa müddətə durması - A.Y.) varmış, vəssalam...
Bu fikirləri dilə gətirərkən həkimin üzündə təbəssüm dolaşsa da, Suadiyyənin çöhrəsindəki dərin ciddiyyət çəkilmirdi və onun gəldiyi yeganə qənaət - başqa klinikaya gedib, fərqli bir həkim tərəfindən müayinə olunmaq idi. Ürəyində həkimi qınayırdı: "Sarsaq! Sarsaq hərif, boşu-boşuna gör, nə qədər vaxtımı aldı!"
Üç həftədən sonra Suadiyyənin evinə adsız-ünvansız bir zərf gəldi. İçindən bir CD çıxdı. Oradakı çəkiliş yarıqaranlıq mühitdə aparılsa da, bir baxmaqla qadın özünü tanıdı. Hətta özünü "qara pərdənin ulduzu" sayan Suadiyyə oradakı görüntülərə tamaşa etməklə, bəyaz pərdədəki Suadiyyə ilə də tanış oldu. Artıq 68 yaşındaydı. İnsanın öz-özüylə tanışlığı heç bir yaş üçün gec sayılmaz.
Amma Reyhana zəng etməyə hazırlaşdığı an onun öldüyünü xatırladı.
Tərcümə: Azad Yaşar