AZ

Ermənistan COP29-da kimin iştirakını dəqiqləşdirib - Paşinyan...

Image

Abutalıb Səmədov: "Danışıqlar Vaşinqtonun istəyən səviyyədə getsə - bu ABŞ-ı qane etsə, Paşinyan tədbirdə iştirak edəcək"

Erməni mediası yazır ki, Ermənistan Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün dəvət alıb, bu dəvət Ermənistanın xarici işlər nazirinin adına alınıb. Bunu xarici işlər nazirinin müavini Paruyr Ovanisyan deyib. 

Onun sözlərinə görə, hazırda hökumət Ermənistanın COP29 konfransında iştirakı məsələsini müzakirə edir. 

“Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən nüfuzlu beynəlxalq tədbirdir. Sadaladığım bütün halları nəzərə alaraq, Ermənistanın hansı səviyyədə təmsil olunacağına tezliklə qərar verəcəyik”, - deyə xarici işlər nazirinin müavini bildirib. 

Ararat Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə bağlı suala Ovanisyan cavab verib ki, onlar heç bir variantı istisna etmirlər. Onun sözlərinə görə, hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır.

Açıqlamadan bəllidir ki, COP29-a Paşinyan yox, başqa kimlərsə gələcək. Bu psixoloji, yoxsa siyasi-diplomatik faktorlarla izah edilə bilər? Niyə Paşinyan özü gəlmək istəmir?
 Sualımızı cavablandıran siyasi icmalçı Abutalıb Səmədov bildirdi ki, açıqlamada nazir müavininin dediyi kimi, COP29 ilin ən mühüm tədbiridir: "Azərbaycan ev sahibi kimi maraqlıdır ki, tədbir yüksək səviyyədə keçsin və daha çox dünya lideri COP29-da iştirak etsin. Ermənistan isə bunun əksini istəyir. Azərbaycanın uğurları Ermənistan hökuməti və cəmiyyəti üçün ciddi məğlubiyyət sayılır. Çünki hələ də onlar Azərbaycanı düşmən dövlət hesab edirlər. Onlar gizlətmirlər ki, Azərbaycanın diplomatik uğursuzluqları Ermənistan üçün daha məqbuldur və onlar bunu arzulayırlar. Bu səbəbdən bir tərəfdən arzulayırlar ki, daha az dövlət başçısı COP29-da iştirak etsin, digər tərəfdən mümkün qədər, Avropa ölkələri - Ermənistana yaxın olan dövlətlər bu mötəbər tədbirin səviyyəsini asağı salmaq üçün əllərindən gələni etsinlər.

Burada başqa bir məqam, Baydenin hər iki ölkə liderinə göndərdiyi məktublardan açıq-aşkar görünür ki, ABŞ qısa müddətdə - ilin sonuna qədər sülh sazişinin imzalanmasını istəyir. Bununla yanaşı, Kazandakı görüşdə də bu prosesi sürətləndirmək barədə xarici işlər nazirlərinə tapşırıqlar verildi. ABŞ COP29-dan bir təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Eyni zamanda, onun əl işarəsi ilə hərəkət edən Ermənistan da bu mötəbər tədbirdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərir. Paşinyanın COP29-da iştirakını hər iki tərəf sülh danışıqları prosesinin gedişi ilə bağlayır. Yəni işarə edirlər ki, danışıqlar Vaşinqtonun istədiyi səviyyədə getsə, bu ABŞ-ı qane etsə, Paşinyan tədbirdə iştirak edəcək.

Biz bir şeyi nəzərə almalıyıq ki, COP29-un Bakıda keçirilməsi ermənilər üçün çox böyük zərbə oldu. Çünki antiterror tədbirləri həyata keçirilmişdi, Azərbaycan bütün ərazisində öz suverenliyini təmin etmişdi, ermənilər bundan sonra Azərbaycan ərazisində yaşamağın çətin olacağını düşünüb, sakit şəkildə ölkəmizi tərk etmişdilər. Onlar düşünürdülər ki, bununla dünya birliklərinin Azərbaycana qarşı təzyiqlərini təşkil edə biləcəklər. Azərbaycanı "etnik təmizləmədə", "soyqırımda" və başqa məsələlərdə günahlandırmaq istəyirdilər. Ermənilərin dünya birliyinin Azərbaycana təzyiqinin artmasını gözlədikləri məqamda COP29-un Bakıda keçirilməsi barədə qərar qəbul edildi və Ermənistan da buna səs verdi. Bu Ermənistan cəmiyyəti üçün çox böyük zərbə oldu. Paşinyanın Bakıda keçirilən COP29-da iştirakı da Ermənistan cəmiyyəti üćün öz məğlubiyyətlərini etiraf etmək qədər böyük zərbə sayıla bilər. Paşinyanın COP29-da iştirakı həm də Ermənistanın Azərbaycana qarşı düşmənçilik mövqeyindən geri cəkilməsi kimi də qiymətləndirilməlidir. Təbiidir ki, bu Ermənistan cəmiyyətində məqbul qarşılanmır. Bu erməni cəmiyyəti tərəfindən Ermənistanın məğlubiyyəti kimi qarşılanır. Ona görə Paşinyan da Bakıya gəlməyə ehtiyat edir. Ancaq buna baxmayaraq sülh sazişinin müzakirəsinin gedişi ABŞ-ı qane etsə, hətta COP29 zamanı sazişin imzalanmasının mümkünlüyü gözlənilsə, Paşinyan Bakıdakı sözügedən tədbirə mütləq qatılacaq. Hər şey Amerikanın mövqeyindən asılı olacaq. Biz artıq adət etmişik ki, Ermənistan heç vaxt müstəqil hərəkət etmir. Bir vaxtlar İrəvan Rusiyanın əl işarəsi ilə oturub-dururdu, indi isə onun idarəçiliyi ABŞ-ın əlinə keçib.

Belə düşünülür ki, Ermənistan Konstitusiya Məhkəməsinin son qərarı artıq konstitusiya ilə bağlı narahatlıqları da aradan qaldırıb. Ermənistan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etmişdi ki, Ermənistan konstitusiyasında yalnız açıq şəkildə yazılanlar əsas götürülməlidir, konstitusiyadakı müstəqillik bəyannaməsinə və digər faktlara istinadlar ciddiyə alınmamalıdır. Bu qərar Ermənistan cəmiyyətində çox böyük narazılıqla qarşılandı. Müxalifət bunun antikonstitusion olduğunu iddia edir. Yəni Konstitusiya Məhkəməsinin qərarına görə Ermənistan konstitusiyasının mətnində Azərbaycana qarşı ərazi iddiaları yoxdursa, priambuladakı müstəqillik bəyannaməsinə istinad heç bir əhəmiyyətə malik deyil. Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etdi, bununla da gələcəkdə imzalanacaq sülh sazişinin gələcəkdə konstitusiya məhkəməsinin müsbət rəy skacağını açıq şəkildə ortaya qoydu. Həm ermənilər, həm də onların ABŞ-dakı havadarları hesab edirlər ki, bu qərarın qəbul edilməsindən sonra Ermənistan konstitusiyası ilə bağlı narahatlıqlar da aradan qalxıb. Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını Konstitusiya Məhkəməsi də təsdiq edib. Bu səbəbdən güman olunur ki, yerdə qalan üç bəndi də razılaşdırıb, ilin sonuna qədər sülh sazişini imzalamaq mümkündür. Bakıdakı tədbir bu istiqamətdə növbəti addım ola bilər. Bu Azərbaycanla Ermənistan arasındakı düşmənçiliyin arxada qaldığını, yeni bir mərhələyə qədəm qoyulmasının göstəricisi ola bilər.

ABŞ bu nəticəni öz adına yazmaq istəyir. Bayden onsuz da uğurlarının çox olmadığını anladığından, bu məsələnin həllinə prezidentlik müddətinin sonuna qədər nail olub, onu öz uğuru kimi Amerika cəmiyyətinə təqdim etmək fikrindədir. Danışıqların intensivləşməsinin kökündə məhz bu məsələ durur. Sülh sazişinin imzalanması istiqamətində tələb edilən addımlar atılarsa, Paşinyan Bakıdakı tədbirdə çox güman ki, iştirak edəcək, fikrimcə, bu ehtimal daha böyükdür.
 Əgər ABŞ-dan komanda gəlməsə, Ermənistan daha aşağı - xarici işlər naziri səviyyəsində COP29-da təmsil olunacaq.

Burada Rusiyanı qane etməyən məqamlar var, onlar da buna mane olmağa çalışacaqlar. Bu məsələdə ABŞ-ın istəklərinin hasil olması Moskvanı qane etmir".

Dəniz NƏSİRLİ





Seçilən
21
baki-xeber.com

1Mənbələr