AZ

Mina qurbanlarının sosial vəziyyəti yaxşılaşdırılmalıdır—Təklif hazırlanır

İşğaldan azad olunmuş ərazilərdəki minalanmış ərazilər erməni vandalizminin sübutudur. 30 ildən artıq davam edən işğal dövründə ərazilərimiz düşmən tərəfindən minalanıb. Azərbaycan bu günə kimi mina problemindən əziyyət çəkir. Təmizlənməmiş minalar mülki insanların, hərbçilərin, mina axtaranların həyatına son qoyub, çox sayda insanı ömürlük əlilliyə məhkum edib. Qarabağda indiyə qədər 168 min hektardan çox ərazi minalardan təmizlənib, 161 min mina aşkar edilib. Bunların təxminən 25 mini piyadalar əleyhinə minalardır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş verib. Müharibədən sonra 381 nəfər mina qurbanı olub, onlardan 70 nəfəri ölüb, 311 nəfəri yaralanıb. Maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb.



44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə basdırılmış minaların zərərsizləşdirilməsi Azərbaycan dövləti qarşısında prioritet məsələlərdən birinə çevrilib. Azərbaycanın mina problemi beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılır. Bu mövzuda vaxtaşırı konfranslar keçirilir, beynəlxalq əhəmiyyətli tədbirlərdə mina problemindən danışılır, mina qurbanları ilə bağlı statistika nəzərə çatdırılır. Təəssüf ki, Ermənistan dövləti hələ də minalanmış ərazilərin tam və dəqiq xəritəsini Azərbaycan tərəfinə təqdim etməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək Ermənistana təziqlər edilməsi baxımında önəm daşıyır. 

Mina terrorunu həyata keçirənlərin məsuliyyətə cəlb edilməsi məsələsi də gündəmdədir. Bu məsələ Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən dəyirmi masada bir daha müzakirə edildi. Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki, mina terrorunu həyata keçirənlərin cəzalandırılması dünya üçün də nümunə olacaq. Millət vəkili mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmlərinin müəyyən edilməli olduğunu vacib hesab edib. Onun sözlərinə görə bu insanların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var: “Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır. Dəyirmi masada bu istiqamətdə səsləndiriləcək təkliflərin parlamentə təqdim edilməsi effektiv ola bilər", deyə F.Mustafa bildirib. 

Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq. 2025-ci ildə “Böyük Qayıdış”ın çox aktiv şəkildə həyata keçiriləcəyini söyləyən V.Bayramov əlavə edib ki, məhz buna görə ərazilərin minalardan təmizlənməsi vacib məsələdir: “Azərbaycan ərazilərində 1,5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır. Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir”, – deyə deputat bildirib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov söyləyib ki, mina qurbanlarına yardım beynəlxalq qanunvericilikdə - minaların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyasında (Ottava Konvensiyası), Kasetli Silahlara dair BMT Konvensiyasında, Minalara qarşı Fəaliyyətə dair Beynəlxalq Standartlarda təsbit olunub. Onun sözlərinə görə beynəlxalq hüquqa görə mina partlayışı nəticəsində həlak olan və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərər görən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər mina qurbanları hesab olunur: “Bundan başqa  minaların birbaşa təsirinə məruz qalanlar, onların ailə üzvləri və yaşadıqları icmalar da mina qurbanı hesab edilir”, - deyə o nəzərə çatdırıb.  

Dəyirmi masada vurğulanıb ki, mina qurbanları yuxarı və aşağı ətrafların itirilməsi, eşitmə qabiliyyətinin tam və ya qismən itirilməsi, görmə qabiliyyətinin tam və ya qismən itirilməsi, baş və boyun nahiyəsində xəsarət, qarın boşluğunda və sinə nahiyəsində xəsarət, parçalanma xəsarətləri, yanıqlar, paraplegiya (hərəkətin itməsi) və psixoloji travma daxil olmaqla müxtəlif xəsarətlər alırlar. Döyüş əməliyyatlarında iştirak edərək mina qurbanına çevrilənlər posttravmatik stress pozuntusundan ciddi əziyyət çəkirlər. Bir və ya bir neçə əzasını itirən mina qurbanlarının iş və təhsil imkanları ciddi surətdə məhdudlaşıb. Mülki mina qurbanlarını ən çox narahat edən məsələlər işsizlik, mənzil şəraiti, özlərinin və ailə üzvlərinin əsas ehtiyaclarını təmin edə bilməmək, keyfiyyətli ortopedik məmulatlarla təmin olunmamaqdır. Onların davamlı tibbi və reabilitasiya yardımına, yeni peşələr üzrə işlə təmin olunması üçün peşə hazırlığına ehtiyacları var. Tədbirdə o da diqqətə çatdırılıb ki, həmin şəxslər, həmçinin, Azərbaycan Respublikasının qanunvericliyində nəzərdə tutulmuş hüquqları barədə maarifləndirilməlidirlər. 

Azərbaycanın mina ilə çirklənmiş ölkələr arasında ilk sıralarda olduğunu deyən “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu Demokrat.az-a açıqlamasında qeyd edib ki, ölkəmizin üzləşdiyi mina probleminə dünyanın böyük dövlətləri və beynəlxalq təşkilatlar ciddi dəstək verməlidirlər:



“Təəssüf ki, bu dəstəyi görmürük. Azərbaycanın mina problemi daim  dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bununla bağlı konfranslar, tədbirlər keçirilir, dünyaya çağırışlar edilir. Artıq 3 dəfə keçirilən Beynəlxalq humanitar minatəmizləmə konfransı bu baxımdan əhəmiyyət daşıyır. Azərbaycanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi mühümdür. Aidiyyəti təşkilatlar təhlükəsiz gələcək üçün minaların təmizlənməsi işində Azərbaycana maddi və mənəvi sarıdan dəstək olmalıdır”.

R.Kərimoğlu onu da vurğulayıb ki, minalar, müharibədən qala partlamamış silah və sursatlar məcburi köçkünlərin geri qayıtmasına mane olur: 

“Ermənistanın 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində ərazilərimiz minalarla çirkləndirilib. “Böyük Qayıdış” prosesinin uğurla davam etməsi üçün minalanmış ərazilərin təmizlənməsi ilkin şərtdir. Azsd edilən yurlarımız canlanmalı, inkişaf etməlidir”. 

Azərbaycanda son 2 ildə minadan əziyyət çəkən 172 nəfərə dəstək göstərilib. Respublika Reabilitasiya Mərkəzinin direktoru Nabat Abdulova dəyirmi masada deyib ki, mina terrorundan əziyyət çəkən şəxslərin özləri ilə yanaşı, onların ailə üzvlərinə də dəstək göstərilir:

"Qeyd etdiyim müddət ərzində 109 nəfərə ambulator yardım göstərilib. Hazırda minadan əziyyət çəkən 111 nəfər qeydiyyata alınıb və onların 91 nəfərinə əlillik təyin edilib", o bildirib. 

Sosioloq Lalə Mehralının fikrincə, azad olunmuş ərazilərə köçürülən insanların həyat sığortası məsələsi gündəmdə olmalıdır:



"Minalanmış ərazilərin xəritələri tam formada Azərbaycana təqdim edilmədi. Partlamamış minaların hələ də hansısa ərazilərdə qalmış olması istisna deyil. Düzdür, ANAMA bu günə qədər minatəmizləmə işini uğurla aparır, bundan sonra da davam etdiriləcək proses. Amma bəzən illərlə partlamamış partlayıcı birdən -birə işə düşür və günahsız insanlar həyatını itirir. Belə olan halda həyat sığortasının mexanizmi işə düşməlidir.

Minadan əziyyət çəkən insanların sosial vəziyyətində ciddi problemlər var. Ailə başçısı, ailənin maddi gəlirini təmin edən şəxs minaya düşübsə, ailə böyük sıxıntılar çəkməyə başlayır. Uşaqlar təhsildən yayınır, fərdi təhsilə cəlb olunmur. İnsanlar minadan maddi və mənəvi çox zərər görür.

Yaxşı olardı ki, dəyirmi masalarda müzakirə olunan məsələlər kağız üzərində qalmasın, insanlar əməli işlər görmək istəyirlər. Maddi, mənəvi və psixoloji tərəfdən hərtərəfli dəstək görməlidir bu insanlar. Minadan əziyyət çəkən insanlara nə etsək də,  yaşadıqları faciənin qarşılığını ödəmir. İnsanların gələcək yaşayışı, təminatı üçün dövlət dəstək göstərməlidir".

Törə Zeynallı
Demokrat.az 


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hazırlanıb.
Seçilən
48
demokrat.az

1Mənbələr