İran hərbçiləri İsrailin hücumunu dəf edərkən onlara məxsus bir sıra qırıcıları və pilotsuz uçuş aparatlarını (PUA) vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Dövlət Teleradio Şirkətinin efirində İran İslam Respublikası Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd məlumat yayıb.
“Hava hücumundan müdafiə sistemi çox yaxşı işləyirdi. Rejimin demək olar ki, bütün pilotsuz təyyarələri və qırıcıları hər hansı tədbir görməzdən əvvəl məhv edilib”, - deputat bildirib.
Zöhrəvənd bildirib ki, gecə İsrail İranın müdafiə sistemlərindən yalnız birinə hücum edib, ona görə də ölkənin hərbi və iqtisadi infrastrukturuna ciddi ziyan dəyməyib.
Deputat vurğulayıb ki, İsrailin hücumu “zəif” olub, buna görə də Tehran İsrailə cavab verməyə dəyərmi, bunu hesablamalıdır . Bununla belə, o, İsrailə cavab verilməli olduğunu bildirib.