AZ

Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən redaksiyamıza daxil olan məlumatda Xaçmaz rayonunda “KOB FEST” sərgi-satış yarmarkası keçirildiyi bildirilib. 3 gün davam edəcək yarmarkanın məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması, eləcə də satış imkanlarının genişləndirilməsidir.

Yarmarkada Xaçmaz, eləcə də ətraf şəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir və satılır. KOB subyektlərinin yarmarkaya çıxartdıqları məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.

Yarmarkanın açılış mərasimində çıxış edənlər regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat verib, belə tədbirlərin bölgədə fəaliyyət göstərən sahibkarların məhsullarının satışı və yeni biznes əməkdaşlıqlarının qurulması üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

“KOB FEST” çərçivəsində təşkil edilən sərgi-satış yarmarkası sayca 8-ci tədbirdir. Bundan əvvəl “KOB FEST”lər Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan və Zaqatalada təşkil olunub. Bu yarmarkalar çərçivəsində, ümumilikdə, 330-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin tanıdılmasına, satışına və yeni biznes əlaqələrinin qurulmasına dəstək göstərilib.

Seçilən
12
4
xalqqazeti.az

6Mənbələr