AZ

Moldova tarixində ən gərgin seçki: "Bir ayağı Şərqdə, digəri Qərbdə"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moldovalılar oktyabrın 20-də tarixi seçim edərək ölkələrinin gələcəyini Avropa İttifaqına (Aİ) inteqrasiyada gördüklərini bəyan etdilər. Düzdür, nəticələr ölkədə siyasi qütbləşmənin təhlükəli həddə çatdığını üzə çıxarsa da, istənilən halda seçim ortadadır. Bülletenlərin 99 faizinin sayılmasından sonra Aİ-yə "hə" deyənlərin 50.03%, "yox" deyənlərin isə 49.97% olduğu elan edilib. Moldovada prezident seçkisi də referendumla birgə keçirilib. Seçkidə 11 namizəd mübarizə aparıb, onların arasında hazırkı prezident Maya Sandu (Hərəkət və Həmrəylik Partiyası), keçmiş baş prokuror Aleksandr Stoyanoqlo (Sosialist Partiyası) və "Bizim partiya"nın lideri Renato Usatıy da olub. Maya Sanduya 640 min 881 seçici səs verib ki, bu da seçkidə iştirak edənlərin 42.07 faizinə bərabərdir. İkinci yeri Aleksandr Stoyanoqlo tutub. Onu 400 min 208 vətəndaş dəstəkləyib ki, bu da seçicilərin ümumi sayının 26.27 faizini təşkil edir. Noyabrın 3-də baş tutacaq ikinci turda qərbyönümlü Maya Sandu və rusiyayönümlü Aleksandr Stoyanoqlo mübarizə aparacaqlar.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ən maraqlı nəticə paytaxt Kişineu ilə bağlıdır. Burada əhalinin çox hissəsi Sanduya, əksəriyyəti referendumda Aİ-yə üzvlüyə səs verib. Muxtar respublikalarda səsvermənin nəticələri də geniş müzakirə olunur. Qaqauzda əhalinin 90 faizdən çoxu Aİ-yə "yox" deyərkən, Dnestryanı ərazidə iştirakçıların 60 faizi Qərbə "yox" deyib. Dnestryanı ərazi adətən Rusiyaya yaxınlığı ilə seçilir. Bu səbəbdən nəticələr bir qədər təəccüb doğurub. Həm prezident seçkisi, həm də referendumun nəticələri moldovalıların hazırda faktiki olaraq iki yerə parçalandıqlarını və mütləq çoxluğun olmadığını göstərib. Ölkəni 2030-cu ilə qədər Aİ-yə daxil etməyi hədəfləyən Maya Sandunun təşəbbüsünü qərb dəstəkləyir. Oktyabrda Kişineuya səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin növbəti üç il ərzində Moldova iqtisadiyyatına 1.8 milyard avro sərmayə qoymağa hazır olduğunu açıqlayıb. O, respublika sakinlərini "azad seçimlərini ifadə etmək" üçün referenduma gəlməyə çağırıb.
Moldovada seçki sakit, insidentsiz keçsə də, ölkənin Rusiyadakı səfirliyinin ərazisində yerləşən iki seçki məntəqəsində böyük növbələr yaranıb.
"Biz hələ seçkidən əvvəl Rusiya hakimiyyətini bəzi qrupların Moskvadakı səfirliyimizdəki məntəqələrə vətəndaşları mütəşəkkil şəkildə gətirmək cəhdləri barədə xəbərdar etmişdik. Buna görə də hesab edirik ki, bu iki məntəqənin yanında insan sıxlığı seçki prosesini təhlükə altına almaq üçün süni şəkildə yaradılıb", - deyə XİN-in bəyanatında bildirilir.
Nazirlik vurğulayıb ki, Moskvadakı seçki məntəqələri maksimum sayda - hər məntəqə üçün beş min bülletenlə təmin edilib.
Sandu səsvermədən sonra seçki məntəqəsində jurnalistlərə bildirib ki, vətəndaşların öz gələcəklərini müstəqil müəyyən etmək hüququ və ölkənin azadlıq şəraitində sülh yolu ilə inkişafı üçün səs verib.
"Mən Moldova Respublikasının layiq olduğu və istədiyi gələcəyi qura bilməsi üçün səs verdim", - deyə Sandu vurğulayıb və ölkənin gələcəyini "Avropa ailəsində" gördüyünü əlavə edib.
Sandunun əsas rəqibi, Sosialistlər Partiyasının dəstəklədiyi Aleksandr Stoyanoqlo deyib ki, sülh, müasir və çiçəklənən ölkə üçün səs verib.
"Moldova bütün vətəndaşların hüquqlarına onların mənşəyindən, yaşından, siyasi baxışlarından və dinindən asılı olmayaraq riayət etməlidir. Bütün hərəkətlər ölkənin və onun sakinlərinin xeyrinə yönəlməlidir. Moldova daxili problemlərə diqqət yetirməli və Aİ, Rusiya, ABŞ və Çinlə balanslaşdırılmış xarici siyasət aparmalıdır", - deyə Stoyanoqlo vurğulayıb.
O, Avropa inteqrasiyası ilə bağlı referendumda iştirak etməyib, baxmayaraq ki, prosesin özünü dəstəkləyir.
Stoyanoqlonu dəstəkləyən keçmiş prezident Dodon seçiciləri seçkilərə gəlməyə və Maya Sandunun yenidən seçilməsinə imkan verməməyə çağırıb, onun qələbəsi halında Moldova üçün apokaliptik ssenari cızıb.
"Sizdən xahiş edirəm ki, özünüzlə manipulyasiya etməyə imkan verməyəsiniz və vəziyyəti çox yaxşı təhlil edəsiniz. Bu seçkilərin nəticəsi sizin səsinizdən asılıdır. Stoyanoqlo xoşunuza gəlmirsə, Maya Sandudan başqa istənilən namizədə səs verin. Ölkəmizin taleyi sizin əlinizdədir", - İqor Dodon "Telegram" kanalında yazıb.
Nəticələr dünyada da birmənalı qarşılanmayıb. "European Pravda"nın məlumatına görə, seçkidə ciddi saxtakarlıq olub və hökumətdə səslərin böyük miqyasda satın alınmasına dair sübutlar var. ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi isə Rusiyanı birbaşa Moldovada referenduma müdaxilədə ittiham edib:
"Rusiya Moldovanın seçkilərini və onun Avropaya inteqrasiyasını pozmaq üçün fəal işləyir. Son bir neçə ayda Moskva Moldovada prezident seçkisinə təsir etmək üçün milyonlarla dollar pul xərcləyib".
Rəsmi Moskva isə səslərin avrointeqrasiya tərəfdarlarının xeyrinə artmasını anomal vəziyyət kimi qiymətləndirib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
"Kreml Moldovanın hazırkı Prezidenti Maya Sanduya verilən səslərin anomal artmasına və bu ölkədəki səsvermənin nəticələrinə əsasən Avropaya inteqrasiyanın dəstəklənməsinə diqqət yetirib. Bu gün müşahidə etdiyimiz göstəricilər, onların dəyişmə dinamikası, əlbəttə ki, çoxlu suallar doğurur". Onun sözlərinə görə, bu, "izahı çətin olan artım tempidir".
Beləliklə, əgər prezident seçkisində Qərb və Rusiyapərəst namizədlər arasında fərq yarı-yarıya deyildisə, referendumun nəticələri vətəndaşları tam olaraq iki hissəyə bölüb. Böyük ehtimalla, Moldovanın gələcəyi Ukraynadakı vəziyyət sabitləşdikdən sonra məlum olacaq.
Seçilən
62
50
oxu.az

10Mənbələr