AZ

"Diktatura rejimlərinə münasibətdə güc nümayişi çox vacibdir" - "The Telegraph"

"Trampın proqnozlaşdırılmayan siyasətçi olması Rusiya ilə qarşıdurmada mühüm amil ola bilər..."
 
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ prezidenti seçkilərində Donald Trampın qələbə qazanacağı təqdirdə onun proqnozlaşdırılmayan siyasətçi olması Rusiya ilə qarşıdurmada mühüm amilə çevrilə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Bundan öncə ABŞ prezidenti Co Bayden bəyan edib ki, Rusiya tərəfindən hərbi müdaxilə təhlükəsinin artmasına rəğmən, Amerika qoşunlarını Ukraynaya göndərməyəcək. Bu da bəzi siyasətçilər və Trampın tərəfdarlarının fikrincə, Vaşinqtonun vəziyyətə nəzarəti əldən verdiyi həlledici məqam olub.
 
2022-ci ilin fevralında müharibə başlamazdan bir neçə həftə öncə Tramp milli təhlükəsizlik üzrə müşavir O'Brayyenlə danışıb və bəyan edib ki, onun hakimiyyəti zamanı Rusiya hərbi müdaxiləyə qərar verməyə cəsarət etməzdi. Brayyen xatırladır ki, Tramp vurğulayıb ki, Kreml münaqişədən yan keçəcəkdi, çünki onun hansı addımlarını atacağını öncədən proqnozlaşdıra bilməzdi.
 
Tramp ABŞ-ın birbaşa müdaxiləyə gedəcəyini dəqiqləşdirməyib, amma əmindir ki, hakimiyyətdə olsaydı müharibə olmayacaqdı. Baydenin tənqidçiləri hesab edir ki, diktatura rejimlərinə münasibətdə güc nümayişi məsələsi vacib olaraq qalır. Rusiya və ya Çinə qarşı sərt hərəkətləri istisna etməyən Trampın mövqeyi potensial olaraq Moskvaya xəbərdarlıq ola bilərdi.
 
Hələ 2016-cı ildə prezident olduğu zaman Tramp vurğulayıb ki, ABŞ gözlənilməz, proqnozlaşdırımayan strategiya yeritməlidir və hökumətin planlarının əvvəlcədən bəlli olduğu açıq siyasətlə bağlı narazılığını ifadə edib. Bayden isə, əksinə, Ukraynaya hərbi müdaxilə ideyasını dərhal rədd edib, bu da Putində əminlik yaradıb.
 
Bayden administrasiyasının Ukraynaya maliyyə yardımı və sanksiyalarla dəstək verdiyi zaman O'Brayyen güman edir ki, ABŞ daha qorxuducu mövqe sərgiləyə bilərdi.
 
Bu arada isə Donald Tramp Pensilvaniya ştatında Steyt-Kollec şəhərində seçkiöncəki mitinqində çıxışı zamanı bəyan edib ki, ABŞ öz vətəndaşlarını xaricə müharibəyə göndərməməlidir. Bu barədə "lenta.ru" nəşri yazıb.
 
Onun sözlərinə görə, Kamala Harris qalib gələrsə, amerikalılar başqa ölkələrin ərazisində döyüş əməliyyatlarında iştirak edəcək.
 
O, qeyd edib ki, Harris səriştəsizliyi ucbatından Amerikanı "üçüncü dünya savaşına" cəlb edəcək. İndiki vitse-prezident Çin sədri Si Tszinpinin, Rusiya prezidenti Vladimir Putinin, Şimali Koreya lideri Kim Çen Inın öhdəsindən gələ bilməyəcək.
 
"Mənim prezidentliyim dönəmində ABŞ müharibə aparmayıb. Siz övladlarınızı müharibələrə göndərməməlisiniz. Mən sizi sonu görünməyən mənasız xarici savaşlarda döyüşərək ölümə göndərməyəcəyəm", - Tramp deyib.
 
Harris qalib gələrsə, Amerika vətəndaşları olan oğlan və qızlarımız sizin adını belə eşitmədiyiniz ölkəyə maharibəyə göndəriləcək, Tramp əminliyini ifadə edib.
Seçilən
21
moderator.az

1Mənbələr