Koreya Xalq Ordusunun (KXDR Silahlı Qüvvələri) elit bölməsinin 5 min əsgəri tezliklə Kursk vilayətinə göndəriləcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə bir Ukrayna və iki Amerika rəsmisi “The New York Times”-a (NYT) bildirib.
Onların fikrincə, Şimali Koreya hərbçiləri Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrini sərhədyanı bölgənin işğal olunmuş ərazisindən çıxarmaq üçün nəzərdə tutulan qarşıdakı əks-hücumunda iştirak etməlidirlər. Nəşrin həmsöhbətləri Şimali Koreya döyüşçülərinin döyüşdə hansı rol oynaya biləcəyini bilmirlər, lakin hesab edirlər ki, Şimali Koreya qoşunlarının istənilən əhəmiyyətli kontingenti Rusiyaya Ukraynanın şərqində daha çox qüvvə saxlamağa imkan verəcək.
ABŞ Şimali Koreya əsgərlərinin Vladivostokdan İl-76 təyyarəsi ilə gətiriləcəyini iddia edir.
NYT-nin həmsöhbətləri iddia edirlər ki, Şimali Koreya qoşunlarının kontingenti gəmi ilə Vladivostoka aparılıb. Oradan onların ağır “İl-76” hərbi-nəqliyyat təyyarəsi ilə Rusiyanın qərbindəki hərbi aerodroma, sonra isə döyüş bölgəsinə aparıldığı deyilir.
Adının çəkilməsini istəməyən yüksək rütbəli ukraynalı məmur bildirib ki, çərşənbə günü, oktyabrın 23-də ilk Şimali Koreya əsgərləri Kursk bölgəsinə aparılıb.
O güman edir ki, bazar ertəsinə qədər KXDR-dən 5000-ə qədər döyüşçü oraya toplanacaq.
KXDR xarici işlər nazirinin müavini Kim Çenq-qyu dünya mediasında Şimali Koreya hərbçilərinin Ukraynadakı münaqişə zonasına göndərilməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. O, belə bir ehtimalın beynəlxalq hüquq normalarına uyğun olacağını vurğulayıb.
KXDR-in BMT-dəki missiyasının birinci katibi İl Ha Kim də öz növbəsində koreyalı hərbçilərin Rusiyaya göndərilməsi ilə bağlı xəbərləri təkzib edib. O, bu cür bəyanatları ABŞ və müttəfiqlərinin “çirkli manevrləri” adlandırıb. Diplomatın sözlərinə görə, Vaşinqton və onun tərəfdaşları Kiyevi bütün növ öldürücü silahlarla təchiz etməklə öz cinayətlərini ört-basdır etməyə və Ukraynadakı münaqişəni uzatmağa çalışırlar.