AZ

Ukraynanın parçalanma planı təsdiq edilib: Gizli Tramp-Putin sövdələşməsi ifşa olundu

Bəzi məlumatlara görə, ABŞ-da hakimiyyətə iddialı Trampın siyasi komandası Rusiya ilə Ukrayna savaşının dayandırılması ilə bağlı şərtləri artıq indidən müzakirə edir... Prezident Vladimir Putinin rəsmi Kiyev ilə sülh danışıqları mövzusuna son reaksiyası, səhnə arxasında Ukraynanı ərazi itkilərinə məcbur edə biləcək plan üzərində anlaşmanın əldə edildiyini göstərir...

Dünyanın böyük maraqla gözlədiyi və qlobal məkanda xüsusi əhəmiyyətə malik olan seçkilər yaxınlaşır. Belə ki, noyabrın 5-də amerikalı seçicilər Ağ Evin növbəti sahibini müəyyən edəcəklər. ABŞ-da prezidentin dəyişəcəyi və Ağ Evin indiki sahibi Co Baydenin siyasi karyerasının sona çatacağı artıq dəqiqləşmiş məsələdir. Və indi bu seçkilər ABŞ-da hakimiyyətin dəyişib-dəyişməyəcəyini müəyyən edəcək.

Məsələ ondadır ki, prezident Co Bayden seçkiyə bir neçə ay qalmış təmsil etdiyi Demokratlar Partiyasının təzyiqləri ilə hakimiyyət uğrunda yarışdan geri çəkilib. Onun əvəzinə isə demokratlar vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürüblər. Son vaxtlara qədər ictimai rəy sorğularında daha öndə görünən Kamala Harris isə seçki günü yaxınlaşdıqca mövqelərini tədricən itirməyə başlayıb. Və bu, beynəlxalq məkanda, xüsusilə də Avropa Birliyi daxilində müəyyən narahatlığa yol açıb.

kamala-biden.JPG

Maraqlıdır ki, Qərb siyasi dairələrində Ağ Evin yeni sahibinin kim olacağı ilə bağlı mövzu kifayət qədər ciddi ziddiyyətlərə yol almaqdadır. Avropa Birliyi ölkələrinin mütləq əksəriyyəti ABŞ-da Kamala Harrisin prezident seçilməsində və demokratların hakimiyyətdə qalmasında maraqlıdırlar. Hakimiyyət dəyişikliyinin ABŞ-da xarici siyasətə yenidən baxılmasına yol aça biləcəyi üçün Qərb siyasi dairələri indiki vitse-prezidentin prezident seçilməsini daha çox istəyirlər. Və bu baxımdan, Avropa məkanında Kamala Harrisin böyük siyasi dəstəyə malik olduğu qətiyyən şübhə doğurmur.

Halbuki, Bayden administrasiyasının dünyada hərbi-siyasi gərginliyi maksimum həddə çatdırmış siyasi kursuna qarşı olanlar da kifayət qədərdir. Onlar dünyanın münaqişə ocaqlarından xilas olması üçün Ağ Evin sahibinin dəyişməsini vacib hesab edirlər. Çünki bütün dünya hazırda "savaş iqtisadiyyatı"ndan artıq yorulub. Və dünyanın yenidən sülhün, sabitliyin hökm sürdüyü dövrə geri dönməsinə üstünlük verilir.

Digər tərəfdən, Avropa Birliyi ölkələrinin maraqlarının necə olmasından asılı olmayaraq, Ağ Evin yeni sahibini məhz amerikalı seçicilər müəyyən edəcəklər. Son vaxtlar ABŞ cəmiyyətində Ağ Evin keçmiş sahibi Donald Trampın mövqelərinin güclənməyə başlaması hakimiyyət dəyişikliyi ehtimalını artırır. Bayden administrasiyasının savaş siyasəti ABŞ cəmiyyətini də ciddi şəkildə narahat edir.

kama-harris.JPG

ABŞ müsəlman icmalarının Donald Trampın prezident seçilməsinə dəstək vermək qərarı da amerikalıların sülhü və sabitliyi daha çox üstün tutduğunu göstərir. Müsəlman amerikalılar Ağ Evin keçmiş sahibinə səs verəcəklərini artıq indidən bəyan ediblər. Əsas səbəb kimi isə Donald Trampın bütün dünyaya sülh vəd etməsini göstəriblər. Onlar hesab edirlər ki, əgər, Donald Tramp prezident seçilərsə, o, vəd etdiyi kimi, Yaxın Şərqdəki və Ukraynadakı müharibələri dayandıra bilər.

Maraqlıdır ki, Ağ Evin keçmiş sahibi Donald Trampın yaxın ətrafından verilən son açıqlamalarda da savaş siyasətinə qarşı mövqe ön plana çıxarılmaqdadır. Xüsusilə də, Ukrayna savaşının mütləq dayandırılmasının vacibliyi vurğulanır. Respublikaçılar hesab edirlər ki, dünyadakı münaqişə ocaqları ən qısa zamanda söndürülməzsə, bu, bəşəriyyəti dağıdıcı qlobal savaşa məruz qoyacaq. Və ona görə də, Donald Trampın siyasi komandası qlobal sülh prosesinə məhz Ukrayna savaşının dayandırılmasından başlamaq niyyətində olduqlarını xüsusi olaraq, vurğulayır.

Ancaq respublikaçılar Ukrayna savaşının dayandırılması ilə bağlı planları məzmun etibarilə rəsmi Kiyevin maraqlarına qətiyyən cavab vermir. Belə ki, verilən açıqlamalarda Rusiyaya müəyyən güzəştlərin edilməsi vacib hesab edilir. Nəticədə Ukraynanın ərazi itkiləri ilə üzləşmə təhlükəsi ön plana keçmiş olur. Və bu baxımdan, rəsmi Kiyevin ABŞ-da gözlənilən hakimiyyət dəyişikliyi ehtimalından narahat olması tamamilə başadüşüləndir.

İndiyə qədər prezidentliyə namizəd Donald Tramp artıq dəfələrlə rəsmi Kiyevi və Bayden administrasiyasını Rusiyaya ilə savaşda təhrikçi rolunda çıxış etməkdə suçlayıb. Hətta Ukraynanın yaxın gələcəkdə bir dövlət kimi dünyanın siyasi xəritəsindən yoxa çıxa biləcəyi vurğulanıb. Ona görə də, Donald Trampın siyasi komandası Ukrayna dövlətçiliyinin qorunub, saxlanması üçün Rusiya ilə sülh danışıqlarına başlanmasını vacib hesab edirlər. Və bu məsələdə rəsmi Kiyevin güzəştə getməli olduğunu ön plana çıxarırlar.

tramp-ukrayna-rusiya.JPG

Məsələ ondadır ki, Ağ Evin keçmiş sahibi Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə, vitse-prezident postunda fəaliyyət göstərəcək Cey Di Vens bəyan edib ki, Rusiya ilə müharibənin dayandırılması üçün Ukrayna öz ərazilərinin bir hissəsindən imtina etməli olacaq. ABŞ vitse-prezidentliyinə namizəd onu da vurğulayıb ki, artıq bu mövzu ətrafında müzakirələr mövcuddur və Ukrayna savaşı əbədi olaraq, davam edə bilməz.

Vitse-prezidentliyə namizəd Cey Di Vens hesab edir ki, bu müharibə bütün dünyanı, eləcə də, həm Ukraynanı, həm də Rusiyanı yorub, əldən salıb. Onun fikrincə, indi Rusiyanın da, Ukraynanın da resursları tükənib, hər iki tərəf canlı qüvvə, silah-sursat və maliyyə çatışmazlığı ilə üzləşməyə başlayıb. Və ona görə də, Ukrayna öz ərazilərini güzəştə getməlidir, Rusiya ilə sülh sazişi imzalanmalıdır.

Təbii ki, ABŞ-da siyasi hakimiyyətə iddialı Donald Trampın komandasının prezident seçkiləri ərəfəsində belə mövqe tutması Rusiyanın da maksimalizmə üstünlük verməsinə yol açır. Belə ki, prezident Vladimir Putin Rusiyanın Ukrayna ilə savaşı dayaqdırmaq üçün sülh danışıqlarına hazır olduğunu bəyan edib.

Ancaq Kreml sahibi Donald Trampın Ukraynanın ərazi güzəştləri ilə bağlı mövqeyini dolayısıyla təkrarlayaraq, savaş meydanında hazırda mövcud olan situasiyanın sülh danışıqlarında mütləq nəzərə alınmalı olduğunu da vurğulayıb. Və bu, o deməkdir ki, Ukrayna ilə sülh prosesində qeyri-rəsmi Tramp-Putin ortaqlığı da mövcuddur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
23
1
musavat.com

2Mənbələr