AZ

Kuçun “qırmızı”sı olmasaydı... - HAKİMLƏRİN MÜHAKİMƏSİ

7 sarı vərəqə, komandalardan üçünün – “Kəpəz”, “Səbail” və “Araz-Naxçıvan”ın cəzalanmaması – bir turun səliqəli mübarizə şəraitində keçdiyini demək üçün başqa hansı dəlil lazımdı ki?!

Amma yox, “Neftçi”dən Edvin Kuçun 81-ci dəqiqədə meydandan qovulması işləri korladı. Məhz buna görə cari mövsümdə qırmızı vərəqələrin sayı 4-ə çatdı. Yeri gəlmişkən, bu, meydan sahibi komandaların mövsümdə ilk dəfə belə sərt cəzalanmasıdı. İndiyəqədərki qırmızı vərəqələr qonaqların ayağına yazılmışdı.

Zirə - Sabah, RƏŞAD ƏHMƏDOV
Yüksək hədəflər uğrunda oynayan komandaların qarşılaşdığını nəzərə alsaq, ilk yarının sonunda göstərilən iki sarı vərəqədən başqa hansısa cəzanın olmaması alqışlanmalıdı. Əhmədov həm Cesse Sekidikanı, həm də Məqsəd İsayevi haqlı cəzalandırdı. Bununla belə, referi oyunboyu sərt mübarizənin yaşanmasına, daimi fasilələrə əngəl ola bilmədi. Bunun yaxşı, yoxsa pis olduğuna isə artıq siz qərar verin.

Kəpəz - Qarabağ, RƏVAN HƏMZƏZADƏ
Autsayderlə liderin mübarizəsində qalibin adı əvvəlcədən bəlliydi. "Kəpəz", sadəcə, hansısa möcüzəyə ümid edə bilərdi ki, bu da baş vermədi. Meydan sahibləri kasad heyətə malik olduğundan qaydalara maksimum əməl edib sarı və qırmızı vərəqələrdən qorunmağa çalışdısa, qonaqlar bunu "Ayaks"la matç ərəfəsində zədə ehtimalını minimuma endirmək üçün etdi. Hər halda, sərt müdaxilələrə və ciddi cəzaya layiq qayda pozuntularına şahidlik etmədik. Diqqətiçəkən məqam isə Aleksey İsayevin 75-ci dəqiqədə Almeydanın (Pananın) zərbəsindən sonra qapı xəttinin içindən çıxardığı topun qol sayılmaması oldu. VAR da daxil olmaqla, hakimlər briqadası "ağzına su aldı". Bəlkə də gəncəlilərin haqqını yedilıər. Frank de Blekerenin yerində olsaydıq, referini bir neçə tur işsiz qoyardıq...

Şamaxı - Araz-Naxçıvan, FƏRİD HACIYEV
Matçı izləyənlərin əksəriyyəti komandaların ləng oyun tərzindən zövq almadı. Düzdü, hakim bu oyunda cəmi bir sarı vərəqə göstərdi. Lakin 90 dəqiqə ərzində xeyli qayda pozuntusu qeydə alındı. Sadəcə, Hacıyev xüsusilə qonaqların futbolçularına dəfələrlə güzəşt etdi və tez-tez oyunu dayandırmaqdan başqa bir şeylə yadda qalmadı. Hər halda, "fit sahibi" də oyunun baxımsız keçməsində pay sahibi oldu. Turun müzakirə doğuran növbəti epizodu da bu matça təsadüf etdi. 90+2-ci dəqiqədə Leroy Mikels cərimə meydançası daxilində ötürmə verərkən topun İqor Ribeyronun əlinə dəyib-dəymədiyi sual doğurdu. Lakin bu dəfə də nə VAR-dan səs-səmir çıxdı, nə də hakim epizoda müdaxilə etdi. Belədə nə etməli? Ya "Araz-Naxçıvan" məqsədli şəkildə yuxarı dartılır" deyənlərin axınına qoşulmalıyıq, ya da izahat tələb etməliyik. Biz ikinci variantdan yanayıq. Ayxan Abbasov kimi!

Neftçi – Səbail, RAUF CABBAROV
Referi dinamik matçın öhdəsindən layiqincə gəldi. Komandalar kobudluğa yol vermir, qaydalara maksimum dərəcədə əməl etməyə çalışırdı. Rauf bəy yalnız 1 dəfə əlini cibinə atdı ki, onda da Edvin Kuçu ən sərt şəkildə cəzalandırdı. Süleyman Alluşun irəliləmək cəhdini kobudluqla alan, onu aşkar qol imkanından məhrum edən monteneqrolunun “qırmızı”sı haqlı idi.

Sumqayıt – Turan Tovuz, İNQİLAB MƏMMƏDOV
Qarşılaşma yetərincə maraqlı alındı. İnqilab Məmmədovun  rəhbərlik etdiyi hakimlər briqadası işinin öhdəsindən gələ bildi. Məhsuldar keçən oyunda hansısa aqressivliyin şahidi olmadıq. Referi futbolçulara 3 sarı vərəqə göstərdi ki, hamısı haqlı idi.

Seçilən
18
football-plus.az

1Mənbələr