AZ

Premyer Liqa klubları AFFA-ya “hücum çəkdi”, rəhbərlik qorxdu, yalan danışdı

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev yeni açıqlama verib.

O, "Kəpəz"ə 500 min manat məbləğində maliyyə yardımı göstərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sitat:
"Tam rəsmi şəkildə deyə bilərik ki, bu məsələ həqiqəti əks etdirmir. Əgər hansısa kluba belə şey etsək, artıq digərlərinə qarşı haqsız yanaşmış olacağıq. Birmənalı şəkildə deyə bilərəm ki, belə bir hal olmayıb".

Hacıyev əsl həqiqəti ictimaiyyətdən gizlədir. Biz onu başa düşməyə çalışırıq, çünki prosesin ondan xəbərsiz tənzimlənməsini bilirik.

Bu işi Rövşən Nəcəf görüb. Həm AFFA-nın, həm də SOCAR-ın prezidenti olan Nəcəf «Kəpəz»in çempionatda çıxışını yarımçıq dayandırmasından ehtiyatlanıb.

Çünki Gəncə klubundan ona bununla əlaqəli müraciət daxil olub. «Sarı-göylər» məktubda bildirib ki, maliyyə cəhətdən ciddi problem yaşayırlar, dövlət tərəfindən ayrılan 3 milyon manat mövcud xərclərin qarşılanmasına yetmir.

Premyer Liqanın sponsorsuz fəaliyyət göstərən yeganə klubu olduqlarını bildirən «Kəpəz» mənsubları əlavə dəstək almayacaqları təqdirdə, əsas komandanın normal fəaliyyətini təmin edə bilməyəcəklərini vurğulayıb.

R.Nəsəf bu hala biganə qalmayıb. SOCAR-dan artıq ilk tranş həyata keçirilib: 250 min manat «Kəpəz»in büdcəsinə köçürülüb.

200 min manat isə yeni ilin əvvəlində transfer ediləcək. Ümumi məbləğ vergiyə cəlb olunduğundan, yerdə qalan 50 min manat bunun üçün tutulacaq.

S.Hacıyevin neft şirkətinin «Kəpəz»ə yarım milyonluq ianəsini hər kəsdən gizlətməsinin səbəbi də aydındır - AFFA bu xəbərin yaradacağı rezonansdan narahatdır.

Çünki informasiya təsdiqlənsə, elitanın digər iştirakçıları elliklə federasiyanın üstünə tökülüşəcək, «bizə də əlavə vəsait ayırın» tələbi irəli sürəcək.

Bilirik ki, saytımız məlumatı paylaşandan sonra bir neçə klubdan AFFA-ya təcili zəng daxil olub. Hacıyev və o biri mənsublar onları sakitləşdirməyə cəhd göstərib ki, «Kəpəz»ə ayrılan məbləğ gələn ilə aid büdcədən çıxılacaq.

Gəncə təmsilçisi 11 tura 3 xal toplayıb və turnir cədvəlinin son pilləsində «mürgü döyür». Onlar I Liqaya yuvarlanmağa ən real namizəd sayılır.

AFFA-ya sual verən yoxdur ki, «Kəpəz» Premyer Liqanı tərk eləsə, onun aqibəti necə olacaq. Axı federasiya aşağı liqa mənsublarına illik cəmi 300 min manat ayırır, onun da bir qismi vergi və digər sosial ödənişlərə tutulur.

500 min manat ianə deyilsə, klub hansı pulla I Liqada mübarizə aparacaq? Barmaqlarını sovura-sovura.

SPORTİNFO.AZ

Seçilən
47
sportinfo.az

1Mənbələr