AZ

İqor Korotçenko: “Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir”

Avropa Parlamentinin (AP) bu yaxınlarda qəbul etdiyi “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə ölkəmizdə ciddi etirazla qarşılanıb.

Lehinə 453, əleyhinə 31, bitərəf 89 nəfərin səs verdiyi sənəd bu strukturun əsas fəaliyyət prinsipinə çevrilmiş qərəz və ikili standartların bariz nümunəsi olub.

Qətnamədə erməni separatçılarının azad edilməsi, onların Qarabağa təhlükəsiz qayıdışının təmini və Azərbaycana silah tədarükünün qarşısının alınması kimi bir sıra məsələlər öz əksini tapıb. Lakin sənəddə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların geri qaytarılması məsələsi tamamilə unudulub. Üstəlik, qətnamədə Qarabağın onilliklər boyu Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edilmir, regionda insan haqları məsələlərinə açıq-aşkar qərəzli münasibət özünü göstərir.

AP qətnaməsi ikiüzlülüyün nümunəsidir. Görünür, Avropa Parlamenti ona regionda siyasi məqsədlərini reallaşdırmağa imkan verən "məzlum"dövlət axtarışındadır və Ermənistanın performansı bu barədə hər zaman ən "yaxşılardan" olub. Öz suverenliyini və müstəqilliyini bərpa edən Azərbaycan isə bu “məzlum” dövlət obrazına sığmır.

Qeyd etmək vacibdir ki, AP Azərbaycanın soyqırım və tarixi-mədəniyyət abidələrinin dağıdılması ilə üzləşdiyi işğal tarixinə çoxdan məhəl qoymur. 30 ildir ki, Azərbaycan tərəfi bu məsələləri beynəlxalq aləmdə qaldırıb, lakin Avropa Parlamenti bu məsələyə lazımi diqqət yetirməyib. İndi vəziyyət dəyişib və Azərbaycan öz suverenliyini bərpa edib, nəinki bölgədə, hətta dünyada söz sahiblərindən birinə çevrilir. İndiki şəraitdə AP-nin bu mövzuya marağı nəinki gecikmiş, həm də qərəzli görünür.

Lakin qərəz insan haqları ilə bağlı məsələylə məhdudlaşmır. Avropa Parlamenti, həmçinin mümkün təbii fəlakətlərə qarşı beynəlxalq həmrəylik platforması yaratmaq məqsədi daşıyan COP29-u siyasiləşdirməyə çalışır. 

Rusiyalı politoloq, Xəzər Strateji Tədqiqatlar İnstitutunun baş direktoru İqor Korotçenko “Cebheinfo.az”-a  bildirib ki, bu, Avropa Parlamentinin ikili standartlar nümayiş etdirdiyi ilk hal deyil. O qeyd edib ki, beynəlxalq hüquq və insan haqlarının pozulduğu iddia edilən qətnamə, o cümlədən Bakıda istintaq altında olan erməni terrorçularının azad edilməsinə çağırışlar avropalı deputatların Azərbaycana qarşı açıq- aşkar düşmənçilik fəaliyyətidir:

"Digər tərəfdən, bu sənəd bir sıra Avropa ölkələrində çox fəal olan beynəlxalq erməni diasporunun təsirinin nəticəsidir. Aydın şəkildə demək lazımdır ki, Azərbaycan hüquqi və suveren dövlət kimi öz fəaliyyətində Birləşmiş Millətlər Təşkilatının formalaşdırdığı əsas normalara və beynəlxalq qanunlara əməl edir. 

"Azərbaycan dəfələrlə Qarabağ ermənilərinə ölkənin hüquqi və siyasi məkanına dinc yolla reinteqrasiya təklif edib. Üstəlik, onlarla təmasda olmaq üçün danışıqlarda xüsusi nümayəndə təyin edilib. Lakin Qarabağdakı separatçı liderlər bunu tamamilə rədd etdilər. Antiterror əməliyyatından sonra Bakı Qarabağdakı erməniləri qalmağa və təşvişə düşməməyə çağırıb. 

Azərbaycan vətəndaşlarının dinc yolla reinteqrasiyadan sonra bütün hüquqlarının əldə edilməsinə zəmanət verdiyini deyib. Lakin Qarabağ erməniləri könüllü olaraq  seçim edərək bölgəni tərk edib, gələcəklərini Azərbaycandan kənarda axtarıblar. Bu, onların suveren hüququdur. Ona görə də bununla bağlı Azərbaycana qarşı hər hansı iddianın heç bir əsası yoxdur.

Mən hesab edirəm ki, Qarabağda terrorçuları partlayıcı maddə və silahlarla təmin edənlər öz fəaliyyətlərinə görə Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Məhkəmə ədalətli, açıq və qərəzsiz olacaq. İnanıram ki, Rusiyanın ekspert birliyi Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə səylərini dəstəkləyəcək. Azərbaycan öz mövqeyini və suverenliyini qorumaq hüququnu özündə saxlayır. O, beynəlxalq qurumların təzyiq və manipulyasiyalarına baxmayaraq, regionda vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”.

Seçilən
34
cebheinfo.az

1Mənbələr