Almaniya Bundesliqasının 8-ci turunda “Boxum”la səfər oyununda 5:0 hesablı qələbə “Bayern” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, böyükhesablı qələbə sayəsində Münhen klubu Bundesliqanın cari mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb.
Bununla da sözügedən klub Almaniya çempionatları tarixində öz rekordunu təkrarlayıb.
Almaniya mətbuatının yaydığı məlumata görə, Münhen təmsilçisi mövsümün ilk 8 oyununda vurduğu 29 qolla yarış tarixinin ən yaxşı nailiyyətini təkrarlamış olub. Əvvəllər, 1976/1977-ci illər, daha sonra isə 2021/2022-ci illər mövsümündə “Bayern” ilk 8 tur ərzində eyni sayda – 29 qol vurmuşdu.
8 turdan sonra “Bayern” 20 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Eyni miqdarda xal toplamış “Leypsiq” 2-ci pillədən şərikli lider adına iddia edir. “Boxum” isə 1 xalla yarış cədvəlinin dibində, sonuncu – 18-ci pillədədir.