AZ

Cümhuriyyət bayramın mübarək, Türkiyəm!



Türk dünyasının öndəri Atatürkə rəğbətini «Mustafa Kamal Atatürk şəxsiyyəti bir də ona görə qiymətlidir ki, həm Türkiyə xalqı üçün, həm bütün türk dünyası, həm də bütün dünya üçün o, qurub yaratdığı Cümhuriyyəti yaşada bildi» sözləri ilə bildirən Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, Türkiyənin müstəqilliyinə qovuşması üçün yadellilərə qarşı mübarizələrdə əsl komandan olduğunu şücaəti ilə təsdiqləyən M. K. Atatürk bir ideya naminə vuruşdu: « Türkiyə inkişafa məhkumdur». Atatürkün əsas ideyası bu idi ki, millətin istiqlalını xalqın əzm və qərarı təyin edəcək. Türk Qurtuluş Savaşının əhəmiyyətli mərhələləri biri-birini əvəz etdikcə türkün zəfər yolunda atdığı hər addım bir tarix, öyünüləcək salnamə oldu. 1 noyabr 1922-ci ildə xilafət və səltənət biri-birindən ayrıldı. Osmanlı imperatorluğu ilə idarəçilik əlaqələri kəsildi, 13 oktyabr 1923-cü ildə Türkiyədə respublika idarəçilik üsulu qəbul olundu. M.K.Atatürk yekdilliklə ilk Prezident seçildi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin ilk hökuməti formalaşdı. Türkiyə Cümhuriyyəti « Yurdda sülh-cahanda sülh» təməlləri üzərində yüksəldi, qüdrətləndi. M.K. Atatürk sadə bir ömür sürsə də 80 milyondan artıq bir xalqın qəlbində yaşadı, mənəvi zənginliyi ilə seçildi, insanlara örnək oldu. « Azadlıq olmayan bir ölkədə ölüm və uçurum vardır» söyləməklə bu azadlığı qətiyyəti ilə xalqına bəxş etdi. Atatürk millətinə güvənərək « Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bunun hərarət və qüvvəsinin bizi isidəcəyinə , bundan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu adətən gözlərimlə görürdüm» söyləməklə xəyallarında yaratdığı qüdrətli Türkiyənin banisi kimi vətəndaşlıq və liderlik borcunu da yerinə yetirdi. Atatürkün müdrik kəlamlarından olan «Türk əsarət qəbul etməyən bir millətdir» sözləri insanlarda milli qürurun, birliyin, həmrəyliyin möhkəmlənməsi üçün bir çağırış oldu.
Türk xalqının sevimli öndərinin ideyalarını davam etdirən, varislik borcunu əməli işi, Vətəninə, xalqına xidmətləri ilə yerinə yetirən Prezident Rəcəb Tayyib Ərdoğan bu amala sadiq qalaraq adı dünyanın ən qüdrətli ölkələri ilə eyni sırada çəkilən qüdrətli Türkiyəni daha böyük inkişaf yolu ilə irəliyə aparır.
Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlılığı türk dünyasının güclənməsində həlledici rol oynayır. Dünya siyasətinin indiki qarışıq və mürəkkəb zamanında türkdilli xalqların sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir. Bu birliyin lokomotivi isə Azərbaycan –Türkiyə birliyidir.
Qardaş ölkənin artıq tarixə çevrilən Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə daim Azərbaycanın yanında olması, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə hər səfərinin Azərbaycan xalqı tərəfindən bayram kimi qarşılanması, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Türkiyənin mənəvi, siyasi dəstəyi soykökü bir olan hər iki xalqın əsrlərdən bəri davam edən qardaşlıq münasibətlərinin sarsılmazlığını göstərir. Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın bu ilin iyun ayında imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsi, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa- quruculuq işlərində türk şirkətlərinin daha yaxından iştirakı münasibətlərin geniş miqyasda davamına imkanlar yaradır.
«İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı» söyləyən Prezident İlham Əliyevin Türkiyə televiziya kanallarına müsahibələrinin geniş miqyasda yayımlanması Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu oldu. Türkiyə ilə həmrəyliyindən güc alan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi missiyanı yerinə yetirdi, ərazi bütövlüyünü, ədaləti bərpa etdi.
«Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» söyləyən Rəcəb Tayyib Ərdoğanın bu günlərdə ölkəmizə növbəti səfəri, Füzuli Beynəlxalq Hava Limanın açılışında iştirakı, bölgəyə sülh, sabitlik gətirəcək. Zəngəzur dəhlizinin bərpasını gerçəkləşdirən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması tarixi hadisə olmaqla Türkiyə-Azərbaycan əməkdaşlığının ifadəsi və iradəsi idi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Seçilən
30
aia.az

1Mənbələr