Bakıda və Abşeron yarımadasında bu gün səhər saatlarından etibarən fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.
Paralel.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir:
"Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub".