"Elə iki nəsil yetişib ki, onlar ruslar və ukraynalıların eyni xalq olduğunu heç vaxt anlamayacaq..."
Rusiyanın xalq artisti Nikita Mixalkov öz teatrının Serbiyaya qastrolu zamanı mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə haqq qazandırmağa cəhd göstərib.
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Biz özümüzü böyük qardaş kimi hiss etməkdə davam edirdik, düşünürdük ki, ukraynalılar heç yerə getməz, Ukraynaya qaz normal çatdırılır, bütün münasibətlər gözəldir", - Kremlyönümlü aktyor və rejissor öz mövqeyini bölüşüb.
"Amerikalılar, anqlosaks dünyası hər gün uşaqlarla, məktəblərlə işləyib. Elə iki nəsil yetişib ki, onlar ruslar və ukraynalıların eyni xalq olduğunu heç vaxt anlamayacaq. Onları bizi aldatdıqları kimi aldadıblar. Bu, bağışlanılmaz səhvdir, amma baş verib".
Onun sözlərinə görə, əgər 2022-ci ildə Rusiya "bu sərt və çox təhlükəli addımı atmasaydı, iki həftədən sonra müharibə bizim ölkəmizdə baş verəcəkdi". O, bunu sübut edən sənədləri, guya, şəxsən görüb, ona görə də müharibə, onun fikrincə, məcburi tədbir olub.
Bundan başqa, Mixalkov siyasi səbəblərdən Rusiyanı tərk edən və geriyə dönmək istəyən mədəniyyət xadimləri və sıravi vətəndaşlara "Rusiyaya öz gərəkliyini sübut etməyi" tövsiyə edib.
"Rusiyanı yanlış olaraq tərk edən, onların xaricdə də burada olduğu kimi seviləcəklərini yanlış olaraq düşünən zəngin pop-ulduzlar bir müddətdən sonra bunun belə olmadığını anlayıb", - rejissor deyib.
"İndi onlar geriyə dönmək istəyir, axı, burada zəngin, tox, gözəl yaşayıb və seviliblər. Amma onları sevən insanlar anlayıb ki, onlar bu zənginləri sevib, zənginlər isə öz şöhrətini sevib", - Mixalkov əlavə edib.
Mixalkovun sözlərinə görə, mədəniyyət xadimləri və ölkəni tərk edən digər rusiyalılar xaricdə müəyyən qaydaya riayət etməlidir. Onlar öz vətənlərini söyməlidir, bu, onların hüququdur, əks təqdirdə çıxıb getdikdən sonra yaşamağın çətin olduğu barədə şikayət etməməlidir.
"Ona görə də ölkədən gedən insanlara səbəbindən asılı olaraq bunu tövsiyə edə bilərəm: əgər onlar öz ölkələrinə gərək olublarsa, yenidən gərək olmağa çalışmaq lazımdır, bu həyatdır, başqa cür olmayacaq", - Mixalkov vurğulayıb.
Qeyd edək ki, Moskvanın "12 saylı Emalatxana" teatrının qastrolları oktyabrın 26-27-də Belqradda keçib.
Serbiya üçün premyera olan tamaşanın nümayişi zamanı Serbiya Milli Teatrının salonunda ölkənin mədəniyyət naziri Nikola Selakoviç, beynəlxalq iqtisadi əməkdaşlıq naziri Nenad Popoviç, Kremlyönlü rejissor və aktyor Emir Kusturitsa, Rusiya səfiri Aleksandr Botsan-Xarçenko iştirak edib.
Üç saatdan artıq davam edən tamaşa başa çatdıqdan sonra tamaşaçılar ayaq üstə alqış edib, alqışlar arasında fasilələrdə Mixalkov publikaya minnətdarlıq edib və "birlikdə pravoslav dünyasını qorumağa" çağırış edib.