AZ

29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü – Neyrocərrahdan vacib məsləhətlər

29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü münasibətilə tanınmış neyrocərrah Bəhruz Eyvazov insultun risk faktorları, əlamətləri və qarşısının alınması ilə bağlı QHT.az-a açıqlamalar verib.

O bildirib ki, insult beyin qan dövranının qəfil pozulması nəticəsində yaranan ağır vəziyyətlərdən biridir və müasir dövrdə həm yaşlı, həm də gənclər arasında geniş yayılıb. Dr. Bəhruz Eyvazovun sözlərinə görə, yüksək qan təzyiqi, şəkərli diabet, siqaret çəkmək, hərəkətsizlik və qanda yüksək xolesterol insultun əsas risk faktorlarıdır.

"Əgər biz sağlam həyat tərzini qəbul etsək, xüsusən də fiziki aktivliyə önəm versək və balanslı qidalanmanı təmin etsək, insultun qarşısını xeyli dərəcədə ala bilərik. Mütəmadi tibbi yoxlanışlar və qan təzyiqinin nəzarətdə saxlanması bu məsələdə çox mühüm rol oynayır," - deyə Dr. B.Eyvazov qeyd edib.

İnsultun əsas əlamətlərinə də diqqət çəkən neyrocərrah, qəfil baş verən üz və bədən zəifliyi, danışıqda çətinlik, görmə qabiliyyətinin azalması və güclü baş ağrısı kimi əlamətləri hiss edən şəxslərə dərhal təcili yardım çağırmalarını tövsiyə edib.

Ümumdünya İnsultla Mübarizə Günündə Dr. B.Eyvazov hər kəsi sağlam həyat tərzini mənimsəməyə və risk faktorlarına qarşı mübarizə aparmağa çağırıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
37
qht.az

1Mənbələr