AZ

Dövlət Neft Şirkətinin enerji keçidinə önəmli töhfələri

Qlobal iqlim dəyişikliyi və atmosferə atılan karbon emissiyalarının getdikcə artması bütün bəşəriyyəti narahat edən əsas məsələlərdəndir. Hazırda dünya ölkələri, beynəlxalq şirkətlər, institutlar və vətəndaş cəmiyyətləri istixana effekti yaradan qazların səbəb olduğu iqlim dəyişikliklərinin qarşısının alınması, neqativ təsirlərinin azaldılması üçün istixana effekti yaradan qazların səbəb olduğu iqlim dəyişikliklərinin qarşısının alınması istiqmətində ciddi addımlar atırlar.

Beynəlxalq səviyyədə enerji təhlükəsizliyi və dayanıqlılığına zəmanət verən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də 2050-ci ilə qədər enerji keçidini özünün prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu məqsədlə şirkət “yaşıl” gündəlik üzrə mühüm öhdəliklər götürüb. Artıq 2 ilə yaxındır ki, qurumda neft-qaz şirkətindən enerji korporasiyasına çevrilmək üçün transformasiya prosesi həyata keçirilir. Bununla yanaşı, yeni bizneslərin yaradılması istiqmətində səylərini artıran şirkət aşağı karbonlu bizneslərdən sayılan külək, günəş, hidrogen enerjisi, eləcə də digər istiqamətlərdə araşdırmalar aparır. Aşağı karbonlu layihələrin icrası isə qurumun tərkibində yaradılmış SOCAR GREEN şirkəti vasitəsilə həyata keçirilir.

SOCAR istixana qazlarının emissiya göstəricilərinin, karbon dioksid və metan emissiyalarının azaldılması üzrə real addımların öyrənilməsi və şirkətin “yaşıl” layihələr portfelinin qiymətləndirilməsinə əsasən 2050-ci ilədək mərhələli dekarbonizasiya proqramı hazırlayıb. Bundan da məqsəd istehsal fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana effekti yaradan qazların könüllü olaraq azaldılmasından ibarətdir. Neft-qaz əməliyyatları zamanı formalaşan istilik effekti yaradan qazların inventarlaşdırılması üçün BMT-nin İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panelin metodoloji sənədlərinə istinad edilməklə “Stasionar mənbələrdə yandırma prosesində istilik effekti yaradan qazların hesablanması metodikası” hazırlanaraq müvafiq dövlət orqanları və Nazirlər Kabineti ilə razılaşdırılılıb. Bu metodikadan istifadə edilməklə SOCAR-ın strukturuna daxil olan müəssisələr, şirkətin iştirak etdiyi layihələr, habelə elektrik enerjisi təchizatı və xidmət sektorunu əhatə etməklə istixana effekti yaradan qazların həcminin hesablanması mümkündür. Bu da dekarbonizasiya mərhələsində emissiyaların azaldılmasına imkan yaradacaq.

SOCAR bu istiqamətdə fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq məqsədilə “Metan Rəhbər Prinsipləri” (MGP) təşəbbüsünə qoşulub. Xatırladaq ki, “MGP” hasilatdan istehlaka qədər neft-qaz əməliyyatlarının bütün dəyər zənciri boyunca metan emissiyalarının azaldılması üzrə əsas prioritetləri müəyyən edən qlobal nüfuzlu təsisatdır. Təşəbbüs çərçivəsində üzv şirkətlər tərəfindən metan emissiyalarının azaldılması sahəsində yeni metodologiya və prosedurların hazırlanması, müasir texnologiyaların tətbiqi, emissiyalara dair hesabatvermə, həmçinin bu istiqamətdə əldə olunan qabaqcıl təcrübələrin bölüşməsi kimi fəaliyyətlər həyata keçirilir.

SOCAR, həmçinin BP şirkəti ilə birlikdə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi “MGP” çərçivəsində qlobal metanın azaldılması təşəbbüsünü icra edir. Təşəbbüsün əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə hesabatlılığın təmin olunması, bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir. Sözügedən təşəbbüs çərçivəsində 2023-cü il dekabrın 15-də Bakı Ali Neft Məktəbində açılış konfransı keçirilib. 2024-cü ilin aprel ayında təşəbbüs çərçivəsində xidmət təchizatçılarının nümayəndələri üçün Neft Daşları və Səngəçal terminalına sahə səfərləri təşkil edilib.

İyunun 25-də isə metan emissiyalarının azaldılması istiqamətində tətbiq olunan proqram təminatları, bu sahədə beynəlxalq təcrübələr və qabaqcıl emissiya ölçmələrinə həsr olunmuş növbəti “online” görüş keçirilib. Tədbirdə bir sıra tanınmış beynəlxalq təşkilatların, SOCAR və BP şirkətlərinin, habelə ölkədə həyata keçirilən neft-qaz əməliyyatlarının xidmət təchizatçılarının nümayəndələri iştirak ediblər. Eyni zamanda, oktyabr ayının 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Daş salnamə muzeyində Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR, BP, “Petronas” kimi beynəlxalq neft-qaz şirkətlərinin, “Baker Hughes”, “SLB” və digər xidmət təchizatçılarının, Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Beynəlxalq konfrans zamanı “Metan elmi araşdırmaları”, “AGMR təşəbbüsünün fəaliyyətində irəliləyişlər, çağırışlar və növbəti addımlar”, “Emissiyaların ölçülməsi, uyğunlaşma tədbirləri və onların azaldılmasında texnologiyanın rolu” mövzularında panel sessiyaları keçirilib, həmçinin AGMR təşəbbüsünün icrası zamanı əldə olunan nəticələr, emissiyaların azaldılmasına dair müsbət göstəricilər, icra olunmuş layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkəti qlobal iqlim dəyişikliklərində əsas rol oynayan istixana qazı emissiyalarının azaldılması istiqamətdə fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə 2023-cü ildə COP28 zamanı geniş ictimaiyyət qarşısında özünün ortamüddətli və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəflərini elan edib. Həmin hədəflər isə 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldə yandırılmanın sıfıra endirilməsi, SOCAR-ın birbaşa aktivləri üzrə 2022-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilə qədər “upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2022-ci ilin göstəricisi ilə müqayisədə 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz və ümumi emissiyaların həcminin 20 faiz azaldılması, 2035-ci ilə qədər “upstream” seqmentində sıfıra yaxın metan hədəfinə və 2050-ci ilə qədər “xalis sıfır”a nail olunması daxildir. Bu hədəflərə çatmaq üçün tədbirlərin müəyyənləşdirilməsi, aşağı karbonlu layihələrin inkişaf etdirilməsi, habelə neft-qaz əməliyyatları prosesində dekarbonizasiyanın təmin edilməsi üçün “Boston Consulting Group” məsləhətçi şirkəti ilə əməkdaşlıq çərçivəsində ikiillik “Green Lighthouse” layihəsinə start verilib. Hazırda bu istiqamətdə işlər uğurla davam edir.

Müasir texnoloji imkanlardan istifadə etməklə metan emissiyalarının daha dəqiq inventarlaşdırılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ətraf mühitin mühafizəsi sahəsində əsas istiqamətlərindən biridir. Bu məqsədlə “TotalEnergies” şirkəti ilə birlikdə neft-qaz mədən ərazilərində dron əsaslı metan emissiyalarının aşkarlanması və həcminin ölçülməsi tədqiqatları həyata keçirilir. Layihə çərçivəsində “TotalEnergies” və onun tərəfdaşları tərəfindən hazırlanmış AUSEA (Airborne Ultralight Spectrometer for Environmental) texnologiyasından istifadə edilməklə emissiya tədqiqatlarının həyata keçirilməsi nəzərdə tutulub. AUSEA metan emissiyalarını aşkarlayan, eyni zamanda, onların mənbəyini təyin edə bilən dronda quraşdırılmış sensordan ibarətdir. Bu isə neft və qaz obyektlərindən atılan metan emissiyalarının yüksək dəqiqliklə aşkarlanmasına və həcminin ölçülməsinə imkan verəcək. Bu sahədə ilkin tədqiqatlar “TotalEnergies” şirkətinin Xəzər dənizindəki fəaliyyət sahələrində aparılıb. Növbəti mərhələlərdə bu tədqiqatların SOCAR-ın dənizdə yerləşən fəaliyyət sahələrində aparılması nəzərdə tutulub.

Bununla yanaşı, qurum hazırda Neft Daşlarında karbon krediti mexanizmi əsasında sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması layihəsini həyata keçirir. Layihəyə sızmaların müəyyənləşdirilməsi, həcminin ölçülməsi, sızma mənbələrinin ləğv edilməsi və azaldılmış emissiya həcmlərinin sertifikatlaşdırılması daxildir. SOCAR-dan verilən məlumata görə, ötən müddətdə infraqırmızı kamera kimi ən müasir ölçmə avadanlıqlarının tətbiqi ilə layihə ərazisində ölçmələr aparılıb və 171 sızma mənbəyi müəyyənləşdirilib. Bu sahədə ixtisaslaşmış beynəlxalq şirkətin audit yoxlamasının nəticələrindən sonra təmir işləri aparılaraq həmin sızmalar ləğv edilib. Layihə nəticəsində azaldılacaq emissiya həcmlərinin isə sertifikatlaşdırılaraq Avropa bazarında satılması nəzərdə tutulur.

Göründüyü kimi, enerji keçidinin fəal iştirakçılarından birinə keçməyi hədəfələyən Azərbaycanın milli neft şirkəti özünün dekarbonizasiya hədəfləri və qoşulduğu beynəlxalq təşəbbüslər çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq istixana qazı emissiyalarının davamlı şəkildə azaldılmasını qarşısına məqsəd qoyub. Bu məqsədlə şirkətin “Upstream”, “Midstream” və “Downstream” seqmentlərinə daxil olan müəssisələrdə emissiyaların azaldılması istiqamətində dekarbonizasiya layihələri həyata keçirilir. Həmin layihələrin icrası isə SOCAR-ın neft-qaz əməliyyatları proseslərinin bütün seqmentlərində emissiya intensivliyinin azaldılmasına mühüm töhfələr verəcək.

 

Seçilən
49
xalqqazeti.az

1Mənbələr