Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Tuncay Quluzadə və Alı Cavadlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 08 iyun 2023-cü il tarixdə, saat 23:10 radələrində paytaxt ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı paytaxtın Nizami rayonu ərazisində yerləşən “Yıldızlar” adlı aptekə üzlərində tibbi maska ilə daxil olaraq əczaçı qadını bıçaqla hədələyib kassadan 173 manat pulu quldurluq yolu ilə ələ keçiriblər. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov