“Gürcüstanda şənbə günü keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" partiyası seçicilərin 54 faizdə çox səsini qazanaraq hakimiyyətini qorudu. Əvvəlcədən bəlli idi, Avropa Birliyi və ümumən Qərb yalnız dəstəklədiyi müxalifətin qələbə qazanacağı təqdirdə Gürcüstanda keçirilən seçkilərin nəticələrinin tanıyacaqdı. Absurd məsələdir, xalq seçimini edir, "Gürcü arzusu" ilə yoluna davam etmək istəyir, amma Qərb bununla razılaşmır. Nəticə gürcü xalqının istəyinə uyğundur. Maraqlı sual yaranır, seçkilərdə "Gürcü arzusu" niyə məğlub olmalı idi, yaxud müxalifət niyə qalib gəlməli idi?”.
Bunu News365.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bölgədə sabitliyin təmin olunmasında Azərbaycanın da marağı var:
“Cənubi Qafqaz 30 il ərzində kifayət qədər etnik münaqişələrlə, müharibələrlə, qarşıdurmalarla dünyanın gündəmində olub. Baş verən hadisələrin də əksəriyyəti kənardan ixrac edilmiş, heç bir regional sifarişi olmayan səbəblərdən baş verib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünün bir qismini bərpa etdi, amma bütövlükdə görüləcək işlərə ötən ilin sentyabr ayında nöqtə qoydu. Ermənistan-Azərbaycan münaqişəsi də ermənilərin xaricdən təhriki sayəsində yaranmışdı. Böyük güclər problemin həllində maraqlı olmadıqları üçün “atəşkəs” dediyimiz dövr düz 26 il çəkdi. Amma Azərbaycan öz sözünü döyüş meydanında dedi, qalib gəldi. Gürcüstanda baş verənlər də Qərbin müdaxiləsindən sonra gürcülər üçün ən pis nəticələndi, ərazi itkiləri oldu, xarici qüvvələrdən asılı vəziyyətə düşdü. Yekunda gürcü xalqı da özünə gəlməyi bacardı, seçkilərdə avropalıların vassalı olanları yox, Gürcüstan xalqının və dövlətinin maraqlarını təmsil edənlərə səs verdi. Ölkə müxalifəti isə xalqı yox, Qərbi təmsil edir”.
Vəfa Vəliyeva, News365.az