"Bakı metropolitenində olan köhnə nəsil vaqonlar istehsalçı müəssisənin müəyyən etdiyi istismar müddəti ilə bağlı olur". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hal-hazırda mövcud istismar parkında olan qatarların da 30-31 il istismar müddəti var: "Təbii ki, dövr, zaman dəyişdikcə yeni texnologiyalar ərsəyə gəlir. Cari, orta, əsaslı təmir zamanı normativlərə uyğun olaraq hər bir vaqonda aparılan təmir işləri zamanı bu və digər texnoloji yeniliklər tətbiq olunur. Son dövrlərdə xüsusi olaraq və daim qeyd etdiyimiz qapı sistemlərinin yenilənməsi, eyni zamanda maşinistin idarəetmə sisteminin müasir standartlar əsasında yenidən qurulması, bu kimi silsilə məsələləri saymaq olar. Bu sıraya hər bir qatarda yanğın təhlükəsizliyi məsələsinə də xüsusi önəm verilir.
Son iki ildə Bakı metropolitenində artıq bu istiqamətdə müasir dövrün tələblərinə uyğun olan və proqram təminatı ilə izləmə, nəzarət və qeydiyyatı aparılan innovativ bir yenilik də tətbiq olunur. Yaxın vaxtlarda bu barədə də ictimaiyyətə ətraflı məlumatlar təqdim olunacaq. Qatarlarda bu müasir sistem nəinki yanğın təhlükəsizliyi, hətta vaqonların müxtəlif qovşaqlarının operativ şəkildə izlənilməsini təmin edir. Amma buna qədər də Bakı metropolitenində illər ərzində müxtəlif məsələlər tətbiq olunarkən, texnoloji yeniliklər tətbiq olunarkən vaqonların təhlükəsizliyi, idarəetmə sisteminin təhlükəsizliyi, o cümlədən də yanğın təhlükəsizliyi ilə bağlı bir sıra addımlar atılıb. Ümumiyyətlə, hazırda da bu istiqamətdə davamlı işlər aparılır.
Əgər 90-cı illərdəki məlum hadisəni xüsusi olaraq qeyd etsək, bu gün Bakı metropolitenində hadisənin baş verməsi qeyri-mümkündür. Çünki bununla bağlı artıq o dövrdən bu günə qədər tətbiq olunan müxtəlif yanaşmalar, metodlar, eyni zamanda da texniki yenilənmələr diqqətdə saxlanmaqla tətbiq olunur".