Bakıda keçiriləcək COP29 konfransı iqlim dəyişmələrinə qarşı qlobal səylərdə əsas addımlardan biridir. Onun məqsədi iqlim dəyişmələri ilə bağlı problemlərin aradan qaldırılması üçün siyasi iradənin və lazımi maliyyə resurslarının səfərbər edilməsi, bu sahədə məqsədlərə nail olmaq üçün strategiyaların həyata keçirilməsidir.
Bu barədə AZƏRTAC-a xüsusi müsahibəsində Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.
Deputat vurğulayıb ki, COP29-da razılaşdırılacaq İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərini əks etdirməklə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün özəl maliyyənin səfərbər olunmasını nəzərdə tutur. Bundan əlavə, 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün lazım olan tədbirləri gücləndirməkdə kömək edərək, emissiyaların azaldılması üzrə milli öhdəliklərə ciddi diqqət yetiriləcək.
“COP29-da, həmçinin bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması, enerji səmərəliliyinin artırılması və iqlim dəyişmələrinə görə ən çox riskə məruz qalan regionlar üçün uyğunlaşma tədbirlərinin dəstəklənməsi müzakirə ediləcək. Bu tədbirlər daha dayanıqlı iqtisadiyyata keçidi stimullaşdırmaq və həssas ölkələri iqlim böhranlarının təsirindən qorumaq məqsədi daşıyır.
Beləliklə, COP29 emissiyaların azaldılması və iqlim risklərinin yumşalması üzrə qlobal məqsədlərə nail olmaq üçün zəruri olan yeni maliyyələşmə mexanizmlərinin işlənib hazırlanmasında və texnologiyaların tətbiqində mühüm addım olacaq”, - deyə Valeri Kolyux qeyd edib.
Ukraynalı deputat vurğulayıb ki, Azərbaycan konvensiyanın və Paris Sazişinin müddəalarının həyata keçirilməsi üçün bir çox tədbir görür, şəffaflığın artırılması, iqlim maliyyələşməsinin dəstəklənməsi və enerjiyə qənaət edən texnologiyaların tətbiqi istiqamətində təşəbbüslər göstərir.
“Konfransın Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi, iqlim dəyişmələrinə qarşı qlobal mübarizə üçün ekoloji texnologiyaların tətbiqi sahəsində ciddi geosiyasi oyunçuya çevrilməsindən xəbər verir”, - deyə Valeri Kolyux bildirib.