AZ

Gürcüstandakı etirazlar nəticə verməyəcək!

Gürcüstanda oktyabrın 26-da parlament seçkiləri keçirilib. Keçirilən seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 53,9% səs toplayıb.

Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %, “Vahid Milli Hərəkat” 10,16 %, “Güclü Gürcüstan” 8,81 %, “Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.

Seçkilərdən sonra Gürcüstan prezidenti Solome Zurabişvili və müxalifət partiyaları nəticələri tanımadıqlarını bəyan ediblər və ötən gün Tbilisidə kütləvi aksiya keçirilib.

Bəs etiraz aksiyaları nə qədər təsirli olacaq?
 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, gürcü müxalifəti bir yerdən sonra reallığı qəbul edəcək:
 

"Beynəlxalq müşahidəçilər - AŞPA və ATƏT seçki nəticələri barədə kəskin məlumatlar versəydi, onda gürcü müxalifətinin seçki nəticələrinin ləğv olunub, yeni seçkilərin keçirilməsi üçün şansı olardı. ATƏT müşahidəçilər missiyası seçki ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirsə də,əslində nəticələri şübhə altına almadılar. Bu isə o deməkdir ki, hələlik bəzi Qərb ölkələri guya Gürcüstandakı seçkilərin nəticələrini tanımayacaqlarını deməsinə baxmayaraq, seçki nəticələri beynəlxalq səviyyədə tanınacaq. Gürcü müxalifətinin hər gün mitinq keçirməsi məncə, çətin olacaq. Çünki hakim partiyanın da xeyli tərəfdarları var. Belə olan halda hakim partiya öz tərəfdarlarını küçələrə çıxaracaq, bu da qarşıdurma deməkdir. Parlamentə seçilən gürcü müxalifəti ilkin mərhələdə parlamentin işində iştirak etməyə bilər. Lakin zaman keçdikcə, məncə mövcud vəziyyətlə barışacaqlar. Qərb təşkilatlarının "Gürcü Arzusu" Partiyasına sərt mövqeyi hökuməti Rusiyaya daha da yaxınlaşdıra bilər. Bu isə Qərbin öz maraqlarına zərərdir. Ona görə də hesab edirəm ki, indiki gərginlik bir müddət sonra azalacaq. Bütün qruplar Gürcüstandakı reallığı qəbul edəcək".

Politoloq vurğulayıb ki, "Gürcü Arzusu" Partiyası seçkilərin nəticələrinə görə Gürcüstandakı soydaşlarımıza minnətdar olmalıdır:

 

"Azərbaycanlılar aydındır ki, seçimlərində azaddırlar. Soydaşlarımızın mütləq əksəriyyəti hakim "Gürcü Arzusu" Partiyasına səs vermişdilər. Təbii ki, müxalifətə səs verənlər də olub. Lakin hesab edirəm ki, "Gürcü Arzusu" Partiyasının qələbəsində azərbaycanlıların da payı olub. Son rəqəmlərə görə, mütləq əksəriyyət "Gürcü Arzusu" Partiyasına səs verib. Ona görə də düşünürəm ki, Gürcüstanda yaşayan azərbaycanlılara minnətdar da olmalıdırlar".

Seçilən
26
modern.az

1Mənbələr