Elşad Musayev: “Əsasən Qərbin dəstəyi ilə kütləvi etiraz aksiyalarının davamlı olmasına çalışacaqlar”
Məlum olduğu kimi, qonşu Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qələbəsi ilə başa çatıb. Nəticə hakimiyyət, müxalifət, Qərb üçün sürpriz olub. Sabitlik, əminamanlıq yolunu üstün tutan gürcü xalqı hakim partiyanı dəstəkləməyə qərar verib.
Lakin nəticələr müxalifət partiyalar, xüsusilə Qərbpərəst qüvvələr tərəfindən etirazla qarşılanıb. Postsovet məkanı, eləcə də “Ərəb baharı” yaşayan ölkələr üçün bu, tanış ssenaridir. Yenə inqilab, qarşıdurma çağırışları işə düşüb. Amma məsələ ondadır ki, Gürcüstan əhalisi artıq “Maydan” hərəkatlarına, inqilablara əvvəlki kimi yanaşmır. Düzdür, müxalifətin mitinqlərinə qoşulanlar var, amma 2003-cü ildəki vəziyyət deyil. Bütün hallarda Gürcüstanda keçirilən seçkilərin nəticələri Qərbi məyus edib. Ona görə də bunu onlar həzm etmək istəmirlər.
Maraqlıdır, Qərb Gürcüstanda seçkinin nəticələrini tanımamaq və hətta onu ləğv etmək üçün siyasi, hüquqi müstəvidə nə edə bilər?
“Avropa İttifaqının təsisatları seçkilərin nəticələrini ləğv etmək üçün çalışacaqlar, qətnamələr qəbul edəcəklər”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Həqiqətən də Gürcüstanda keçirilən seçkilərin nəticələri Qərbi məyus edib. Açıq-aşkar hiss olunur ki, Qərb Gürcüstanda istədiyinə nail ola bilmir. Ona görə də, əvvəlcədən proqnozlaşdırıldığı kimi, seçkilərin nəticələrini şübhə altına almaq yolunda addımlar atır. Əvvəlcədən də hiss olunurdu ki, Gürcüstanın daha müstəqil siyasət yeritmək istəyi, arzusu, niyyəti və addımları Qərbi qane etmir. Ona görə də Gürcüstanda hələ “Xarici agentlər” haqqında qanun qəbul olunanda təzyiqlər başladı. Gürcüstanla əlaqələri Qərbə bağlı dairələr kəsməyə başladılar. ABŞ-la birgə hərbi təlimlər dayandırıldı, Avropa İttifaqına üzvlük prosesi donduruldu, Gürcüstanda bir sıra layihələrin maliyyələşdirilməsi dayandırıldı və s. İndi də Gürcüstanda parlament seçkilərindən sonra açıq-aşkar hiss olunur ki, bu ölkəni qarışdırmaq üçün Qərb hərəkətə keçib. Məlum olduğu kimi, keçirilən seçkilərdə “Gürcü Arzusu” qalib gəlib. Belə ki, hakim partiya 54 faizdən çox səs toplayıb. Bu, həm Qərbi, həm də Gürcüstan prezidenti Salome Zurabişvilini qane etmir. Ona görə də Tbilisidə kütləvi etiraz aksiyaları həyata keçirilir. Bu aksiyaların planlı və Qərbin dəstəyi ilə həyata keçirilməsi ortadadır. Gürcüstanda sabitliyin pozulması Azərbaycana sərf etmir. Biz istəyirik ki, ölkəmizlə sərhəd olan qonşu Gürcüstanda sabitlik olsun. Qərb isə bütün vasitələrlə Gürcüstanda yerləşmək istəyir. Həm də çalışırlar ki, Gürcüstanla Rusiya arasında bir gərginlik yaratsınlar. Bundan əvvəlki dövrdə də Gürcüstan rəhbərliyi açıq bildirmişdi ki, bizim Rusiya ilə müharibə etmək niyyətimiz yoxdur. Qərb təsisatları vasitəsi ilə Gürcüstana təzyiqlərini artıracaq. Avropa İttifaqının təsisatları seçkilərin nəticələrini ləğv etmək üçün çalışacaqlar, qətnamələr qəbul edəcəklər. Əsasən Qərbin dəstəyi ilə kütləvi etiraz aksiyalarının davamlı olmasına çalışacaqlar. Bir sözlə, bütün hallarda Qərbin vəziyyəti daha da gərginləşdirəcəyini gözləmək olar. Hadisələrin gedişini izləmək lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, çoxluq “Gürcü Arzusu”na səs verib. O baxımdan hesab edirəm ki, hakim partiya təzyiqlərlə bağlı geri çəkilməyəcək”.
Vidadi ORDAHALLI