AZ

İqtisadçı maliyyə piramidaları ilə bağlı vətəndaşları diqqətli olmağa ÇAĞIRDI

Azərbaycanda zaman-zaman maliyyə piramidaları qurulur, lakin bir neçə ayı keçmədən çökür. Əslində, maliyyə piramidası iştirakçıların daim mənfəət əldə etməsi üçün bir üsuldur. Layihənin ilkin mərhələsində bu cür piramidalara üzv olanlar müəəyyən qədər qazanc əldə edirlər. Ancaq sonrakı mərhələlərdə bu piramidalar çökür və vətəndaşların çoxu maddi itki ilə üzləşirlər.

Maraqlıdır, bu cür maliyyə piramidalarının ölkəmizdə davam edə bilməməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Asif İbrahimov bildirdi ki, tək Azərbaycanda yox, bütün dünyada əksəriyyət bu tip piramidalar qurulanda dağılmağa məhkum olduğunu bilir:

"Azərbaycanda, eyni zamanda bütün dünyada hər hansısa məhsul üzərindən - onlayn kriptovalyuta və yaxud bahalı alış-veriş, treyd ediləsi məhsullar üzərindən maliyyə piramidaları qurulur. O mexanizm belədir ki, piramidanın üst hissəsində olan şəxslər konkret olaraq hər hansı bir fəaliyyətlə məşğul olmurlar. Aşağıdan olan yeni qoşulanların vəsaiti hesabına piramidanın üst hissəsində  olan şəxslər maliyyə vəsaitləri qazanırlar. Bir çox hallarda bu mexanizmlər bir müddət sonra özünü doğrultmamağa başlayır. Bu da təbii bir haldır. Dünyada uğurlu nəticələr də var, nümunə üçün bəzi dərman firmalarını göstərmək olar. Ancaq maliyyə piramidaları ilə yanaşı, həm də istehlakçılara faydalı və bir çox hallarda özünü müsbət tərəfdən doğrultmuş məhsullar təqdim olunur. Yəni orada konkret olaraq piramida ilə yanaşı, keyfiyyətli məhsul satışı olduğu üçün müsbət nümunələr var".

İqtisadçının sözlərinə görə, dünyanın bir çox ölkələrində bu növ piramidalar özünü doğrultmur:

"Bir çox hallarda bu piramidaların qurularkən artıq bəri başdan bəlli olur ki, bu cür piramidaların çox yaşamağı mümkün deyil. Çünki mexanizmin özündə konkret olaraq istehlakçıya sən nə verəcəksən və necə faydalandıracaqsan, bəlli deyil. Yəni piramidada olan müəyyən bonuslardan faydalanmaq bir müddət sonra effektiv olmur. Ona görə də belə piramidalar nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində özünü doğrultmur".

A.İbrahimov maliyyə piramidaları ilə bağlı vətəndaşları diqqətli olmağa çağırdı:

"Bir çox hallarda bu tip piramidalar həm vaxt itkisi, həm də maliyyə itkisidir. Məsələn, "Quesnet" adlı bir piramida var idi və Azərbaycan vətəndaşları buna konkret olaraq meyl edirdi. Orada qazanan şəxslər ilk başlayanlar idi. Sonradan qoşulanlar heç bir halda bu cür məsələlərdə qazanc əldə edə bilmirdilər. Əllərində də nə qalırdı? Hansısa dəyərindən 15-20 dəfə ucuz bir məhsul, hansı ki, topdan və pərakəndə satış yerlərində satmaq istəyəndə dəyərindən ucuz olduğunun fərqinə varırdılar. Vaxt və maliyyə itkisindən əlavə, bu məsələlər müəyyən mənada reputasiya itkisinə də gətirib çıxara bilər".

Sevinc İBRAHİMZADƏ

Seçilən
21
redaktor.az

1Mənbələr