AZ

Sülh olmasa, nə baş verəcək? - İki fərqli baxış

Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan uzun aradan sonra yenidən görüşdü. Xarici işlər nazirlərinə sülh və dövlətlərarası münasibətləri nizamlamaqla bağlı tapşırıqlar verildi. Bundan öncə də XİN rəhbərləri bu cür təlimatlar almışdı. Amma II Qarabağ müharibəsinin başa çatmasından, yəni 2020-ci ilin 10 noyabrında bu günə qədər sülh müstəvisində konkret müsbət nəticə yoxdur. Faktiki olaraq 4 ildir ki, tərəflər yekun sülh məsələsində razılığa gələ bilməyib. Sözsüz ki, bunun obyektiv və subyektikv səbəbləri var.

Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov Ermənistanın açıq şəkildə sülh prosesini manipuliyasiya etdiyini söyləyib.

“Sülh prosesinə Ermənistanla yanaşı onu himayə edən dövlətlər də mümkün qədər mane olur. Ardıcıl şəkildə ermənilər şirnikləndirilir. Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi əsassız qətnamələr də Ermənistanı bəzi məsələlərdə “həvəsləndirir”, - deyə o əlavə edib.

YAP təmsilçisi hesab edir ki, Fransa, ABŞ da sülh prosesinin pozulması üçün əllərindən gələni edirlər: “Onlar Cənubi Qafqazda sülhün olmasını istəmirlə. Bu günlərdə Gürcüstanda keçirilən parlament seçkiləri və bunun ətrafında yaranan ajiotaj da həmin qəbildəndir. Faktiki olaraq gürcü xalqının iradəsinə zidd olaraq bəzi qüvvələr bu seçkini tanımaq istəmir. Bütün bu amillər bölgədə qeyri-müəyyənliyin qalmasına hesablanıb”.

Siyavuş Novruzova görə, sülh olmasa belə Azərbaycanın itirəcəyi heç nə yoxdur: “Zəngəzur dəhlizi ilə bağlı məsələ isə alternativ yolla həll edilir. İran ərazisindən 20 km-lik əlavə yolla Azərbaycan Naxçıvana çıxış əldə edəcək. Əslində bu, Ermənistan üçün böyük itki olacaq. Beləliklə, Ermənistan tam blokada vəziyyətində qalacaq. Bu baxımdan sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Faktiki olaraq bu gün kənar güclər Ermənistanı idarə edir. Bu isə gələcək üçün böyük fəlakətlər deməkdir”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna görə də bölgədə sabitlik üçün sülh lazımdır.

“Sülh hər kəs üçün faydalıdır. Amma biz qalib ölkəyik. Biz bu qədər sülhün marağında olmalı deyilik. Daha çox məğlub olan ölkə, yəni Ermənistan buna maraq göstərməlidir”, - deyə o əlavə edib.

Partiya sədrinə görə, sülh vacib olsa da, bunu qarşı tərəf daha çox düşünməlidir: “Burada siyasət tamam fərqli bir situasiya tələb etmir. Sözsüz ki, sülh olmasa heç nə dəyişməyəcək. Belə bir tendensiyaya köklənmək lazım deyil. Azərbaycanın siyasəti, diplomatiyası qalib əsgərin, müzəffər Ordumuzun, şəhidlərimizin, qazilərimizin əməlinin davamı olmalıdır”.

Mirmahmud Mirəlioğlu hesab edir ki, Ermənistanla sülh olmadı deyə, hansısa risklərin yaranacağı ehtimalı yoxdur.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
54
teleqraf.com

1Mənbələr