Dünya Bankının iqlim maliyyəsi məqsədilə ayırdığı 41 milyard dollara qədər vəsaitlə bağlı müəmmalı vəziyyət meydana çıxıb. Bu məbləğ bank tərəfindən son 7 ildə ayrılmış bütün iqlim vəsaitinin təxminən 40 faizini təşkil edir. Lakin həmin müddətdə uçotun pis aparılması səbəbindən vəsaitin hara sərf olunduğu bilinmir.
Dünya Bankının 2017-2023-cü illər üzrə iqlim maliyyəsi portfelinin “Oxfam” tərəfindən auditi müəyyən edib ki, 24 milyard dollardan 41 milyard dollara qədər iqlim maliyyəsi müvafiq layihələrin təsdiqləndiyi və bağlandığı vaxt uçota alınmayıb. Bu pulun hara getdiyini və ya necə istifadə edildiyini göstərən açıq-aydın qeyd yoxdur. “Oxfam International”ın Vaşınqton nümayəndəliyinin başçısı Keyt Donald məsələ ilə bağlı qeyd edir: “Bu, adicə bürokratik gözdənqaçırma deyil. COP-da bu il əldə etməli olduğumuz nailiyyətləri pozmaq üçün güvənin təməldən sarsıdılmasıdır. İqlim maliyyəsi azdır və bəli, biz bunu çatdırmağın çətin olduğunu bilirik. Amma pulun əslində necə və ya hara xərcləndiyini izləmirsiniz? Bu, sadəcə bəzi bürokratik nəzarət deyil, bu, bu il COP-da əldə etməmiz lazım olan tərəqqini pozmaq riski daşıyan əsas etibarın pozulmasıdır. Bank gələcəyimizin iqlim böhranı ilə mübarizədən asılı olduğunu qəbul etməli və buna uyğun davranmalıdır”. Sözügedən maliyyənin necə istifadə edildiyi barədə bilgi almağın çətinliyindən gileylənən nümayəndəlik rəhbəri bu prosesin şəffaf və hər kəsə, özəlliklə bu vəsaitdən yararlanacaq icmalara açıq olmasının önəmini vurğulayıb: "Biz mürəkkəb və natamam hesabatların təbəqələrini gözdən keçirməli olduq və hətta o zaman da məlumatlar boşluqlar və uyğunsuzluqlarla dolu idi. Bu məlumatı əldə etmək və başa düşmək çox çətindir - bu, peşəkarlardan ibarət komanda tələb etməməlidir. Tədqiqatçılar iqlim fəaliyyəti üçün nəzərdə tutulan milyardlarla dolların necə xərcləndiyini anlamaq üçün bu, şəffaf və hər kəs üçün əlçatan olmalıdır, ən əsası iqlim maliyyəsindən faydalanmaq üçün nəzərdə tutulmuş icmalar üçün". Beləliklə, dünya Bankında böyük maliyyə qalmaqalının olduğu üzə çıxır. Amma maraqlıdır ki, məsələ ilə bağlı hələ də heç kim məsuıiyyətə cəlb edilməyib. Özü də ayrılan vəsait və onun təyinatı dünya üçün böyük önəm kəsb edir. Bu arada qeyd edək ki, Azərbaycanda keçiriləcək COP29 sammitində iqlim dəyişikliyinə ayrılan maliyyə başlıca müzakirə mövzularından biri olacaq. Azərbaycan COP29 çərçivəsində qlobal iqlimə uyğunlaşma üzrə qlobal əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirməyi hədəfləyir. Təbii ki, səmərəli nəticələr əldə edilməsi üçün iqlim dəyişikliyinə qarşı mübarizənin effektivliyi təmin olunmalıdır. İqlim dəyişikliyi ilə mübarizənin effektiv adaptasiyası təkcə maliyyənin təmin olunmasından yox, həm də ayrı-ayrı ölkələrin hazırladığı səmərəli strategiyadan keçir. Azərbaycanın əsas məqsədi ilk növbədə effektiv maliyyələşmə mexanizmlərinin formalaşdırılmasından ibarətdir. Bununla yanaşı, hesab edilir ki, bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil də iqlim maliyyəsi ilə bağlı məsələnin həllində COP29-a ümidlərin böyük olduğunu vurğulayıb: “İddialı yeni iqlim planları investisiyaların cəlb edilməsi, iqtisadi inkişafın stimullaşdırılması, imkanlar, iş yerlərinin sayının artırılması, çirklənmənin səviyyəsinin azaldılması əhəmiyyət kəsb edir. Sağlamlığın yaxşılaşdırılması və xərclərin azaldılması, təmiz enerjinin təhlükəsizliyi və əlçatanlığının artırılması üçün son dərəcə vacibdir, onlar, həmçinin bir çox digər müsbət dəyişikliklərə töhfə verə bilər”.
Stil bildirib ki, ölkə nümayəndələri COP28-də Birləşmiş Ərəb Əmirlikləri Konsensusunda təsbit edilmiş vədləri praktikada həyata keçirməyə hazır şəkildə Bakıya gəlməlidirlər. Bu isə bərpa olunan enerji mənbələrinin üçqat artırılmasını, uyğunlaşma üzrə qlobal hədəfi, bütün növ qalıq yanacaqlardan imtina edilməsini və sair nəzərdə tutur: “COP29 təşəbbüskar sessiya olmalı və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaqla iqlim maliyyələşdirilməsi üzrə konkret və iddialı nəticələrin əldə olunmasını təmin etməlidir. Bu cür dəstəyin hər bir ölkəni və qlobal iqtisadiyyatı iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq üçün ən vacib vəzifələrdən biri olduğunu qəbul etmək lazımdır”. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera da vurğulayır ki, COP29 iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərin gücləndirilməsi üçün həlledici mərhələdir. Onun sözlərinə görə, COP29 əməkdaşlıq və əhəmiyyətli nəticələr əldə etmək üçün dövlətlərin son şansıdır: “2030-cu ilə qədər bərpaolunan enerjiyə 31,5 trilyon dollar həcmində investisiya qoyulmasına, şəbəkənin təkmilləşdirilməsinə, dayanıqlılıq tədbirlərinə və enerji səmərəliliyinə təcili ehtiyac var. Bərpaolunan enerji investisiyaları isə 2023-cü illə müqayisədə üç dəfə artırılmalıdır”. Françesko La Kamera ölkələri COP29-dan iqlim maliyyələşməsinin artırılması və qlobal enerji keçidinin irəliləyişində səyləri birləşdirmək üçün platforma kimi istifadə etməyə çağırıb. O, həmçinin COP29-un uğurlarına əsaslanaraq xalis sıfır emissiyaya nail olmaq və iqlim dəyişikliyi ilə bağlı təcili problemlərin həlli istiqamətində qlobal səylərdə daha bir mərhələyə çatmaq məqsədilə COP30-a ev sahibliyi edəcək Braziliya ilə əməkdaşlığa başladıqlarını əlavə edib.
Ramil QULİYEV