AZ

Öcalanla bağlı yeni iddia: “ABŞ qarant olarsa, Ankara ilə...”

Türkiyənin müxalif DEM Partiyasının həmsədri Tuncer Bakırhan MHP sədri Dövlət Baxçalının PKK terror təşkilatının lideri Abdullah Öcalanla bağlı açıqlaması və bu kontekstdə gündəmə gələn iddialarla bağlı danışıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi “Öcalan ABŞ-ın qarant ölkə olmasını istəyir” iddiasını təkzib edib.

Bakırhan ötən həftə həbsxanada Abdullah Öcalanla görüşən DEM-dən olan deputat, baş terrorçunun qardaşı oğlu Ömər Öcalanın da belə bir məlumat gətirmədiyini söyləyib:

“Bizə belə bir şey çatdırılmayıb. Belə bir söz və ya tələb eşitməmişik. Millət vəkilimiz (Ömər Öcalan) bu haqda bizə heç nə danışmayıb. Belə bir şeyin ona deyilmədiyini də bildirib. Əksinə, ortada bir proses-zad da yoxdur. Təcrid hələ də davam edir. Təcridin davam etdiyi durumda qarant ölkə, təminat və sair istəmək mövcud prosesə ziddir”.

Baxçalı bundan öncə Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər.

Baxçalının açıqlamasından sonra yerli mediada Öcalanın bu şərtləri qəbul etdiyi, Ankara ilə aralarında ABŞ-ın qarant olmasını istədiyi barədə iddia yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
23
1
teleqraf.com

2Mənbələr