AZ

Qadınlarda göbələk xəstəliyi

Göbələk əksər insanların selikli qişalarında (ağız boşluğu, bağırsaqlar, cinsiyyət sistemi) yaşayır.

İmmunitet göbələklərin çoxalmasına mane olur və onların sayını orqanizm üçün zərərsiz olan "çərçivədə" saxlayır. Bu səbəbdən sağlam insanlarda göbələk heç bir xəstəliyin inkişafına səbəb olmur. Lakin insanın immuniteti müxtəlif səbəblərə görə zəiflədikdə göbələk kəskin şəkildə çoxalmağa başlayır ki, bu da müxtəlif pozulmalara gətirib çıxardır. Qadınlarda göbələk xəstəliyi bu uşaqlıq yolunun iltihabına (kandidoz) səbəb ola bilər. Bu xəstəliyi Candida albicans göbələyi törədir.

Kandidoz zamanı qadınları bu kimi simptomlar narahat edir:

- uşaqlıq yolunda güclü qaşınma və yandırma hissi,

- sidik ifrazı zamanı uretrada ağrı və yandırma,

- uşaqlıq yolundan ağ kəsmiyə bənzər turş iyli ifrazatların olması,

- cinsi əlaqə zamanı ağrı və yandırma hissi.

Göbələk həm qadınların, həm də bakirə qızların cinsiyyət yollarında yaşaya bilər ki, bu səbəbdən göbələk həm qadınlarda, həm də qızlarda kandidozun inkişafına səbəb ola bilər.

Kandidozun risk faktorları arasında:

- Gigiyena qaydalarına ciddi riayət edilməməsi.

- Uşaqlıq yolunun dərin yuyulması. Xüsusilə yuyunma zamanı sabun və digər vasitələr istifadə olunduqda.

- Menstruasiya zamanı tamponlardan istifadə etməsi. Tamponlardan istifadə etmək olar. Lakin bunu düzgün etmək lazımdır. Tampondan yalnız sağlam qadın istifadə edə bilər və tampon hər 4 saatdan bir (bundan artıq yox!) dəyişilməlidir. Uşaqlıq yolunda uzun müddət ərzində qaldıqda tampon istənilən ziyanlı mikrofloranın çoxalması üçün çox "əlverişli" şərait yaradır.

- Dar sintetik alt paltar.

- Antibakterial preparatlardan ("antibiotik"lər) düzgün istifadə etməməsi (həkimin təyini olmadan qəbul etdikdə, artıq dozalarda qəbul etdikdə və s.).

- Hormonal fonun pozulmaları.

- İmmun sisteminin kəskin zəifləməsi (xəstəlik, stress və s. nəticəsində).

- Şəkərli diabet. Şəkərli diabet bir çox hallarda kandidoza səbəb olur. Bəzən məhz bu simptom şəkərli diabetin ilk simptomlarından biri kimi meydana çıxır. Bu səbəbdən əgər sizi kandidoz çox tez-tez narahat edirsə, mütləq qanda şəkərin səviyyəsini təyin etmək üçün analiz verin.

- Hamiləlik. Hamiləlik zamanı hormonal fon kəskin dəyişilir və bu da öz növbəsində kandidozun inkişafına səbəb ola bilər.

Kandidozun əlamətlərini hiss etdikdə qadın mütləq həkimə müraciət etməlidir. Lazım olan müayinə və analizlərdən sonra həkim xüsusi göbələk əleyhinə preparat təyin edəcək. Bundan əlavə həkim qadına vitamin-mineral kompleks və immun sistemini möhkəmləndirən preparat təyin edə bilər.

Mənbə: Saglamolun.az

Seçilən
20
oxu24.com

1Mənbələr