Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Baş Konsulluğun təşkilatçılığı ilə tədbir keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, Cümhuriyyətin yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərin xatirəsi yad edilib.
Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop tədbirdən sonra jurnalistlərə açıqlamasında ölkəsinin bundan sonra da inkişaf edəcəyinə, Azərbaycan-Türkiyə qardaşlığının əbədi olaraq yaşayacağına əminliyini ifadə edib.
"Həmişə olduğu kimi, indi də Azərbaycan xalqı bizim yanımızdadır. Azərbaycan xalqına sonsuz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, hər iki ölkə arasında bu dostluq, qardaşlıq münasibətləri davamlı olsun", - Baş Konsul deyib.