Terrorçu qruplaşma Paşinyan iqtidarının deyə bilmədiyini açıqlayır
Müxtəlif beynəlxalq dairələrin Bakıda keçiriləcək COP29-la əlaqədar Azərbaycana qarşı qarayaxmaları adi hal alıb. Buna, müəyyən mənada, öyrəncəliyik. Hətta ermənipərəstlərin də bununla bağlı “fəaliyyətlərini” bir o qədər təəccüblə qarşılamırıq. Ancaq hazırda COP29-la bağlı Azərbaycana ünvanlanan hədyanlarda birbaşa Ermənistan dövlətinin xətti duyulmaqdadır. O dövlətin ki, rəsmiləri Azərbaycanla sülhdən dəm vurur, özlərini dünyada sülhpərvər qiyafədə təqdim edirlər.
Əlbəttə, indiki halda deyilə bilər ki, Ermənistan hakimiyyətinin terrorçu “Daşnaksütyun” partiyasına aidiyyatı yoxdur. Bəli, rəsmi şəkildə bu belədir. Ancaq məsələ, ümumən, dövlət kontekstində qiymətləndirilməlidir. Yəni, hazırda daşnaklar ölkənin parlamentində yer alırlar və həm onların Ermənistandakı ardıcıllarının, həm də rəsmi İrəvanın xaricdəki havadarlarının mərkəzi ofisi Fransada yerləşən “Daşnaksütyun” partiyası ilə əlaqələri var. Bu baxımdan baş nazir Nikol Paşinyan administrasiyasının da siyasi partiya kimi fəaliyyət göstərdiyini açıqlayan terrorçu qruplaşma ilə təmaslarının mövcudluğunu söyləmək mümkündür.
Belə qənaətə gəlmək olar ki, COP29 məsələsində erməni avantürizminin daşıyıcılarının, belə demək mümkünsə, vəhdəti və gizli sövdələşmələri var. Yəni, rəsmi İrəvanın deyə bilmədiklərini havadarları dilə gətirirlər. O cümlədən, daşnaklar da.
Əlqərəz, “Daşnaksütyun” bəyanat yayıb. Sənəddə Azərbaycanda COP29-un keçirilməsinə etiraz əksini tapıb. Etiraz “tezisləri” isə ənənəvidir. Guya, ölkəmiz Qarabağda etnik təmizləmə aparıb, bölgənin ermənilərini zorla yurd-yuvalarından didərgin salıb və sair bu kimi cəfəngiyyatlar. Halbuki, Qarabağın erməni əhalisinin hansı məqsədlə ərazini tərk etdiyi hər kəsə yaxşı bəllidir. Ermənistan Azərbaycanın şərtlərini qəbul etmədi. İstəmədi ki, həmin əhali yurisdiksiyamız altında yaşasın və ölkəmizə qarşı beynəlxalq kampaniya aparmaq üçün Qarabağ erməniləri baxımından saxta sentimentallıq uydurdu...
“Daşnaksütyun” bəyanatında, eyni zamanda, Azərbaycanı işğalçı qiyafəsində göstərib və ölkəmizin “Qarabağın erməni mirasını” məhv etdiyini vurğulayıb. Yada salaq ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Azərbaycana qarşı eyni ittihamı irəli sürmüş, “miras məsələsini” qaldırmışdı. Rəsmi İrəvanın beynəlxalq məhkəmələrdəki anti-Azərbaycan iddialarından da aydındır ki, onun işğaldan azad edilmiş ərazilərimizdəki ayrı-ayrı abidələrin erməni mirası kimi təsdiqlənməsinə nail olmaq kimi istəyi var. Məqsəd gələcəkdə həmin abidələrin yerləşdikləri ərazilərə qarşı iddia irəli sürmək, bir növ, hüquqi presedent yaratmaqdır. Göründüyü kimi, ortada belə bir məkr var. “Daşnaksütyun” da COP29 məsələsindəki anti-Azərbaycan kampaniyasına eyni məramdan qaynaqlanmış tezisi daxil edir.
Terrorçu qruplaşmanın üzərində dayandığı növbəti məqam da Ermənistan rəhbərliyinin beynəlxalq səviyyədə qaldırdığı məsələ ilə bağlıdır. Söhbət Azərbaycanda, guya, erməni hərbi əsirlərinin və mülki şəxslərin girov kimi saxlanılmasından gedir. Bu baxımdan Ermənistan rəhbərliyi ilə “Daşnaksütyun” arasında yeganə fərq odur ki, birinci, Qarabağdakı keçmiş separatçı rejimin Bakı həbsxanalarındakı rəhbərlərinin azadlığa buraxılmalarını tələb etmir, ikinci isə mövzunu gündəliyə gətirəcək qədər həyasızlığa əl atır. Əlbəttə ki, müharibə caniləri azadlığa çıxa bilməzlər, onlar layiqli cəzalarını alacaqlar.
“Daşnaksütyun”un bəyanatında ucuz populizmə güc verilərək o da bildirilir ki, iqlim ədaləti insan ədaləti və insan hüquqlarının müdafiəsi olmadan mövcud deyil. Guya, COP29 Azərbaycanın yol verdiyi cinayətləri ört-basdır edəcək və sair bu sayaq cəfəngiyyatlar da öz yerində. Qeyd edək ki, sırf belə bir fikir bu ay Avropa Parlamentində anti-Azərbaycan qətnamənin qəbulu məqsədilə keçirilmiş müzakirədə qurumun erməni lobbi və diaspor təşkilatlarının artıq-urtuqları ilə dolanan deputatlarının dilindən də səslənmişdi. Belələrinin də rəsmi İrəvanla əlbir fəaliyyətdə olduqları gün kimi aydındır.
Nəhayət, “Daşnaksütyun” bəyanatında Azərbaycan həbsxanalarında saxlanılan erməni məhbusları azad etmək üçün COP29 iştirakçılarının Bakıya təzyiq göstərməsini tələb edəcək mitinq keçirəcəyini açıqlayıb. Mitinqin noyabr 1-də BMT-nin İrəvandakı ofisinin qarşısında təşkili planlaşdırılıb. Etirazçıların oradan Ermənistan Xarici İşlər Nazirliyinin binasına və ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədrləri olan Rusiyanın, ABŞ-nin və Fransanın səfirliklərinə yürüş edəcəkləri də nəzərdə tutulub.
Bəli, əli minlərlə dinc Azərbaycan və Anadolu türkünün qanına batmış, dünyanın müxtəlif ölkələrində türk diplomatlara qarşı terrorlar reallaşdırmış bir qurumun gizli və aşkar təmsilçilərinin Ermənistan parlamentində oturmaları bu ölkənin terrorçu xislətindən qaynaqlanır. Sadəcə, hazırda rəsmi İrəvan terror və işğal törədə bilmədiyindən, azğınlıq və qəsbkarlıq üçün meydana sahiblənmədiyindən sakit durumdadır. Daha doğrusu, bu zahirən görünən sakitlikdir. Çünki əvvəldə də dediyimiz kimi, Ermənistan hakimiyyəti ilə xaricdəki anti-Azərbaycan və anti-türk qüvvələr bir-biri ilə əlaqəli şəkildə fəaliyyətdədirlər. Belə bir şəraitdə baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçilərinin barış ritorikaları sadəcə saxtakarlıqdır. Ancaq erməni avantürizmi kitabının bağlandığı kimi, saxtakarlıqla baş saxlamağın vaxtı da bitib.
R.ƏVƏZ
XQ