AZ

O şuşalı qız...

Tələbə yoldaşlarımız arasında oturuşu-duruşu, biliyi, danışığı, çalışqanlığı, hər kəslə nümunəvi rəftarı ilə seçilən, gözəl, bəstəboy bir qız vardı... Adı Mehparə idi onun.

Mehparə Axundova Qarabağın zümrüd tacı, başıbəlalı, cənnətməkan Şuşada, müəllim ailəsində böyümüşdü. Ancaq orta məktəb illərini Bakıda yaşamışdı. 240 saylı təhsil ocağını əla qiymətlərlə bitirmiş və Azərbaycan Dövlət Univerisitetinin jurnalistika fakültəsinə qəbul olunmuşdu. Oğlanlı-qızlı hamımız onu çox sevirdik. Bu sevgini mehribanlığı və səmimiliyi ilə qazanmışdı.

Mehparə xanım 35 ildən çox “Elm və həyat” jurnalında dəqiq elmlər şöbəsinin müdiri işləyib və elmi jurnalistikamızın inkişafına layiqli töhfələr verib. Onun elm korifeylərinin səmərəli axtarışları barədə dəyərli yazıları var. Əslində, bu elmi oçerklər təkcə jurnalist işi deyil, eyni zamanda, geniş axtarışların və araşdırmaların məhsuludur.

M.Axundova iki dəfə Azərbaycan Jurnalistlər Birliyinin diplomuna və “Qızıl Qələm” mükafatına layiq görülüb. O, “Elm xəzinəsini zənginləşdirənlər” adlı 542 səhifəlik (“Elm” nəşriyyatı) kitabın müəllifidir.

Son illər Mehparə xanım Milli Elmlər Akademiyasında böyük mütəxəssis kimi çalışırdı. Mən kənddən qayıdıb köhnə “oylağım” Akademiya bağında dostlarla çay içməzdən əvvəl arabir Mehparə ilə hal-əhval tutmağa gedərdim. Bir dəfə o mənə Şuşa haqqında yazısını oxumağı xahiş elədi. Həvəslə oxudum... ancaq gözlərim doldu. Otaqda olan xanımlar bunu hiss elədiyindən mən sakitcə dəhlizə çıxdım...

Mən o yazı ilə heç vaxt görmədiyim Şuşanı, sanki, gəzib gəlmişdim.

Yazıda balaca şuşalı qızın işıqlı dünyası ilə yanaşı, indi yanaşı əyləşdiyim xanımın 28 illik yurd həsrətinin ağrısı var idi. Mehparə yenidən Şuşanı görmək, uşaqlıq çağlarındakı kimi Cıdır düzünün, Ərimgəldi qalasının, Topxana meşəsinin seyrinə dalmaq, Kirs, Üçmıx dağlarının gözəlliklərini yaxından görmək, Qırxpilləkəndən Daşaltı çayına enib, yarpızlı dərədə gəzmək, ensiz cığıqlarla zümrüd donlu Topxana meşəsinin qoynunda gəzib-dolanmaq istəyirdi. Onu ən çox ağrıdan isə ermənilərin tariximizi özündə yaşadan abidələrimizi məhv etməsi idi.

Şuşa alınında Mehparəyə zəng edib gözaydınlığı verdim. O, bu xəbərin sevincindən uşaq kimi ağlayırdı.

2021-ci ilin yayında o, Şuşanı görməyə getmişdi. Bu onun Şuşaya son səfəri oldu.

Qayıdandan bir müddət sonra yenə zəng elədim. Artıq xəstəlik onu çox üzmüşdü, aydın danışa bilmirdi...

Arabir tələbə yoldaşlarımızla toplaşır, ad günlərimizi keçirir, kiminsə evinə qonaq gedirik. Bu görüşlərdə həyatın bizə yaşatdığı ağrı-acılara üstün gəlib gəncliyimizdəki kimi deyib-gülür, xatirələrin istisinə qızınırıq. Eyni zamanda, dünyasını dəyişmiş yoldaşlarımızı yada salıb kövrəlirik. Bizi əbədi tərk edib gedən yoldaşlarımız arasında bir ildir ki, xanım-xatın, oturuşu-duruşu, biliyi, səmimi rəftarı ilə seçilən o şuşalı qız – Mehparə xanım Axundova da var.

Ruhu şad, məkanı cənnət olsun!

Səməd MƏLİKZADƏ

Seçilən
26
xalqqazeti.az

1Mənbələr