Dərs yükü çoxdur!
Çıxış yolu nədir?
Ali məktəblərdə tədris proqramları həddindən artıq ağırdır. Bu, təbii olaraq tələbələri narahat edən məsələlərdən biridir. Belə ki, onlar dərs yükünün çox olduğu üçün ixtisas fənlərinə az vaxt ayırdıqlarını söyləyirlər. Yalnız tələbələr deyil, təhsil ekspertlərinin də böyük əksəriyyəti onların ixtisas baxımından lazımsız fənlərlə yükləndiyi qənaətindədirlər.
Etiraf edək ki, universitetlərdə tələbələrə ixtisasdan kənar fənlərin keçirilməsi onların gələcək iş həyatına mənfi təsir göstərə bilər. Çünki onların ixtisaslarına xüsusi töhfə verməyən bu fənlər həm vaxtın səmərəsiz istifadəsinə səbəb olur, həm də keyfiyyətli təhsil almanın qarşısında bir maneə yaradır.
Məlumdur ki, dərs ilinin əvvəlində tələbələrə semestr ərzində keçiriləcək fənlərin cədvəli təqdim olunur. Tələbələr isə yeni dərs ili başlayandan bir neçə ay sonra cədvəldə olmayan fənlərin tədris olunduğunu iddia edirlər. Sözügedən məsələ ilə bağlı universitet rəhbərliklərinin cavabı belədir: Nazirlər Kabineti (NK) “Ali təhsil müəssisələrində yeni tədris planı”nı təsdiqləyir və tədris proqramlarının tərtibini Elm və Təhsil Nazirliyinə tapşırır. Ona görə də həmin plana uyğun olaraq yeni fənlər tədris proqramına salınıb.
Məlumat üçün bildirək ki, NK “Ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə tədris planı”nı sonuncu dəfə 2020-ci ildə təsdiqləyib. Bununla bağlı Elm və Təhsil Nazirliyinin 9 iyul 2020-ci il tarixli qərarı var.
Universitetlərə tam müstəqillik verilməlidir...
Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, universitetlərdə bakalavr və magistr pilləsi üzrə tədris edilən əlavə fənlər NK-nin təsdiqi ilə Elm və Təhsil Nazirliyinə göndərilir. Ekspertin sözlərinə görə, ali məktəblər ixtisasla bağlı tədris proqramına yalnız 30 faiz fənn əlavə edə bilərlər: “NK ali məktəblərdə tədris planını 3-5 ildən bir təsdiqləyir. Ancaq universitetlər öz tədris planını hazırlamalı, ciddi rəyləri nəzərə almaqla, əmək bazarının və günün tələblərinə uyğun olan fənləri proqrama salmalıdırlar. Bu sahədə ciddi boşluqlar var. Diqqət etsək görərik ki, coğrafi-iqtisadi regionlarımız var və bu regionlarda standart olaraq eyni tədrisin aparılması bəzi çətinliklər yaradır. Fikrimcə, universitetlərə öz tədris planını hazılamağa tam müstəqillik verilməlidir”.
Qeyri-ixtisas fənləri sıradan çıxarılmalıdır
Təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, həqiqətən də tədris proqramında bəzi fənlər artıqlıq təşkil edir: “Ali təhsildə əsas istəyimiz odur ki, tələbələrə konkret olaraq ixtisas fənləri tədris olunsun. Tələbələr ixtisaslarından əlavə fərqli fənləri keçməsinlər. Belə olduqda hətta ali təhsilin müddətini 4 il yox, 3 ilə qədər endirə bilərik. Çünki fənlərin say çoxluğu və əlavə olaraq ixtisasdan kənar fənlərin tədrisi təhsil müədditini ən azı 1 ilə qədər uzadır. Hər semestrdə lazımsız fənlər çıxarılsa və yalnız ixtisas fənləri olsa, bakalavr pilləsi üçün təhsil müəddəti azala bilər. Bu zaman tələbə öz ixtisası üzrə peşəkar mütəxəssisə çevrilə bilər. Düzdür, Parlamentin Elm və Təhsil Komitəsi tərəfindən “Ali təhsil haqqında” qanunvericilik layihəsi hazırlanır. Düşünürəm ki, bu məqam qanunvericilikdə öz əksini tapmalıdır. Qeyri-ixtisas fənləri sıradan çıxarılmalı, yalnız ixtisas fənləri keçirilməli və tədris müddəti bakalavr pilləsi üçün 3 ilə endirilməlidir”.
Tələbələrə dəyən maddi və mənəvi zərər...
Ekspert qeyd edib ki, qeyri-ixtisas fənləri tələbələr üçün çətinlik yaradır: “Bəzi hallarda qeyri ixtisas olduğu üçün tələbələr həmin fənnə ciddi yanaşmırlar və kəsrlər yaranır. Nəticədə tələbə məcbur qalıb kredit borcu ödəyir və yaranmış kəsrə görə bir daha imtahan verir. Bu isə tələbələrə həqiqətən də mənfi təsir göstərir, onlar həm maddi, həm də mənəvi cəhətdən zərərçəkmiş olurlar. Bu baxımdan düşünürəm ki, tədris yükünü azaltmaq lazımdır. Yalnız ixtisas fənlərini tədris etmək daha məqsədəuyğudur. Hətta qeyri- ixtisas fənlərini ləğv edib tədris müəddətini 4 il saxlasaq belə, o zaman qeyri ixtisas fənləri hesabına əldə etdiyimiz 1 ili tələbələrin öz ixtisasları üzrə professionallaşmasına sərf edə bilərik. Belə ki, onlar əlavə 1 ili öz ixtisasları üzrə təcrübədə istifadə edə bilərlər. Bütün bunlar tələbələrin əldə etdikləri bilik və bacarıqlara müsbət təsir edər, özlərini daha yaxşı inkişaf etdirər və öz sahələrində peşəkar mütəxəssis kimi formalaşa bilərlər”.
“Dəyişikliyə hazırıqsa, bunu edək”
Təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, orta məktəbin vəzifəsini ali məktəbə, ali məktəbin vəzifəsini isə orta məktəbə yükləmişik. Ona görə də bu kimi problemlərlə üzləşirik: “İstəsək də, istəməsək də, “Ali məktəbə qəbul olan tələbələrin ixtisasdan kənar əlavə fənləri keçməsinə ehtiyac varmı?” sualı ətrafında düşünmək zərurəti qarşısında qalmışıq. Tədris proqramının çox ağır olduğu, bəzən ixtisasa aid olmayan fənlərin tədris olunması təkcə ali məktəblər üçün xarakterik olmayıb. Belə bir vəziyyəti elə orta məktəblərə də şamil etmək olar. Bunu təkcə tələbələr deyil, təhsil mütəxəssisləri, nazirlik rəsmiləri də dəfələrlə etiraf ediblər. İş o yerə çatıb ki, Elm və təhsil naziri Emin Əmrullayev də Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı bildirdi ki, “Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişikliyə hazırıqsa, bunu edək”.
Nazirin dediyində müəyyən həqiqət var. Ancaq, “dəyişikliyə hazırıqsa, bunu edək” etirafı bir qədər mücərrəd görünür və “niyə hazır deyilik, hazır olmaq üçün nə etməliyik?” kimi suallar doğurur. Orta məktəb belədir ki, oradakı fənlər ümumtəhsil fənləridir və orta məktəbin vəzifəsi ixtisaslı kadrlar hazırlamaq yox, ümumi dünyagörüşünə malik, şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. Ancaq, ali məktəblər ixtisaslı kadr hazırlayırlar. Buna görə də ona gələcək peşəsində lazım ola biləcək fənlərin keçilməsi daha doğrudur. Orada elə fənlər var ki, tələbənin onunla bağlı hələ orta məktəbdən ümumi təsəvvürü var və lazımi məlumatları başqa mənbələrdən də öyrənə bilər”.
Problem necə həll oluna bilər?
N.İsrafilov bildirib ki, bu gün təəssüfləndirici hallardan biri də işə qəbul zamanı imtahan verənlərin böyük bir qisminin müəyyən problemlərlə üzləşməsidir. Bunun səbəbi isə imtahana əsasən sırf ixtisasla bağlı sualların salınmasıdır ki, imtahan verənlər də ixtisasları ilə bağlı sualları cavablamaqda çətinlik çəkir, bunun üçün əlavə kurslara, təlimlərə cəlb olunmaq zərurəti qarşısında qalırlar: “Hansı fənlərin proqramdan çıxarılması bütün universitetlərdə ayrı-ayrılıqda təyin olunmalıdır. Hər bir universitetin professor-müəllim heyyəti ilə geniş müzakirələr aparılmalı, tələbə kontingenti arasında sorğu keçirilməli, ümumi məxrəcə gəlinməlidir ki, hansı ali məktəbdə hansı fənlər çıxarılmalı, hansılar qalmalıdır. Bu məsələdə bütün universitetlər üçün konkret olaraq eyni tələbi qoymaq vəziyyətdən çıxış yolu ola bilməz”.
Dərs yükü orta məktəblərdə də ağırdır...
Ekspertin fikrincə, bu gün istər orta məktəblərdə, istərsə də ali məktəblərdə tədris planı yüklüdür və bu kimi iddialar birmənalıdır: “Fənlərin, dərslərin çox olması ilə bağlı narazılıqlar çoxdur. Ümid edək ki, məsələnin qaldırılması və yenidən gündəmə gətirilməsi yəqin ki, bu sahədə müəyyən dəyişikliklərin aparılmasına yardımçı olacaq”.
Yeganə BAYRAMOVA