Qobustanda arvadı, 42 yaşlı Sadıqova Günel Tahir qızını öldürən 51 yaşlı Cabbarov Mürsəl Əlislam oğlunun məhkəmə prosesi başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, C.Mürsəl 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin martın 12-də baş verən cinayət hadisəsinə gəlincə, Mürsəl Cabbarov arvadını iplə boğub öldürdükdən sonra bıçaqla özünə xəsarətlər yetirib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arvadı ilə aralarında yaranan mübahisə zamanı Günel Sadıqova evdən çıxıb atasından qalma evə gedib: “Belə bir hadisənin olacağı heç ağlımdan da keçməzdi. Həmin an özümdə olmamışam. Tək onu xatırlayırlayıram ki, Günel “boğ məni” dedi, mən də boğdum. Başqa məqsədim olmayıb. Aramızda elə möhkəm mübahisə olmamışdı. Uşağı danlayandan sonra evdən getdi. Onu evə gətirmək üçün qaldığı yerə getdim. Hadisə vaxtı evdə heç kim yox idi. Yoldaşım ayaq üstə dayanmışdı, ona yaxınlaşaraq 1 dəqiqənin içində iplə boğazını sıxdım. Hadisə zamanı ağlım başımda olmayıb. Buna görə özümə də xəsarət yetirdim. Törətdiyim əməldən peşmanam”. (Qafqazinfo)