AZ

“Azərbaycan səhiyyəsi son illər dinamik və strateji uğurlara imza atmaqdadır"

Vahid Əhmədov: “TƏBİB və Yeni Klinika ilə “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanan əməkdaşlıq müqaviləsi buna nümunədir”

 

TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar.

Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər.

 

Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların-tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Vahid Əhmədov sözügedən əməkdaşlıq müqaviləsini yüksək qiymətləndirib. Vahid Əhmədov qeyd edib ki, bu müqavilə ölkəmizdə səhiyyə sisteminin inkişafı istiqamətində atılan mühüm, strateji addımlardan biridir:

 

“TƏBİB və Yeni Klinikanın Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalaması sıradan bir hadisə deyil. Bildiyiniz kimi, Almaniya bütün dünyada səhiyyə sisteminin yüksək səviyyədə inkişaf etdiyi dövlətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə insan müxtəlif xəstəliklərdən müalicə almaq üçün Almaniyaya üz tutur. TƏBİB və Yeni Klinika alman səhiyyəsinin qabaqcıl müəssisələri ilə əməkdaşlıq əlaqələri yaratmaqla həm vətəndaşlarımızın sağlamlığı, həm də dövlətimizin maraqları baxımından olduqca əhəmiyyətli bir addıma imza atıb. “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsindən sonra daha vətəndaşlarımızın müalicə məqsədilə Almaniyaya getməyinə ehtiyac qalmayacaq. Çünki bu müqavilə ilə Almaniya səhiyyəsi, onun üstün tibbi yenililəri ölkəmizə gətiriləcək. Başqa sözlə desək, bundna sonra alman səhiyyəsinin, alman tibbi texnologiyasının imkanlarından Almaniyaya getmədən, elə ölkəmizdəcə yararlanmaq mümkün olacaq. Bu, Azərbaycan səhiyyəsi, Azərbaycan dövləti adına çox mühüm bir uğurdur. Mən bu strateji yeniliyə görə həm TƏBİB-i, həm Yeni Klinikanı, həm də müqavilənin imzalanmasında əməyi olan digər qurum və şəxslərə təşəkkür edirəm”.

Vahid Əhmədov qeyd edib ki, son illər ölkəmizdə səhiyyənin əhəmiyyətli dərəcədə inkişaf etdiyi, tədricən qabaqcıl dövlətlərin səhiyyə sistemlərini uyğunlaşdırıldığı müşahidə edilir ki, bu da qürurvericidir:

 

“Son illər ölkəmizdə səhiyyə sisteminin inkişafı istqiamətində ciddi və ardıcıl addımların atıldığı, bu sahədə nəzərəçarpacaq irəliləyişlərin olduğu göz qabağındadır. Ən çox məmnunluq doğuran məqam isə ondan ibarətdir ki, bu inkişaf sadəcə Bakıda deyil, həm də regionlarda gedir. Yəni bu inkişaf bütün ölkə ərazisini kompleks şəkildə əhatə edir. Buna sübut üçün regionlarda həyata keçirilən cərrahi əməliyyatları göstərmək olar. Söhbət o əməliyyatlardan gedir ki, bugünə qədər regionlarda bu əməliyyatlar icra olunmayıb. Nümunə olaraq TƏBİB-nin tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin fəaliyyətinə nəzər salmaq olar. Qeyd edim ki, bugünlərdə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasında ilk dəfə bud sümüyünün titan elastik millə sümükdaxili osteosintez əməliyyatı icra olunub. Bütün bunlar paytaxtımızla yanaşı, regionalarda da səhiyyəmizin inkiaşfından xəbər verir.

Hesab edirəm ki, bu tendensiya davam edəcəyi təqirdə Azərbaycan yaxın gələcəkdə tibbi uğurlarına, səhiyyə sisteminin inkişaf səviyyəsinə görə bütün dünyada qabaqcıl yerlərdən birini tutacaq və vətəndaşlarımızın sağlamlığına daha böyük töhfələr verəcək”.

 

Seymur ƏLİYEV

 

 

Seçilən
26
1
moderator.az

2Mənbələr