Türk politoloq: Öcalan çağırış etsə, yalnız PKK-nın Türkiyə qolu silahı yerə qoya bilər...
Poliqon "RİA Novosti" Agentliyinə istinadən xəbər verir ki, bunu türkiyəli politoloq İkbal Durre deyib.
Onun sözlərinə görə, Mərmərə dənizində yerləşən İmralı adasındakı həbsxanada ömürlük həbs cəzasını çəkən PKK lideri Abdullah Öcalan ölkə parlamentində çıxış etmək üçün dəvət olunub.
"Orada o, PKK-nı silahları yerə qoymağa çağırmalıdır. Hətta müxalifət də bunu təsdiqləyib. Türkiyə Suriyada səylərini gücləndirmək istəyir və bunun üçün daxili münaqişələri həll etmək lazımdır", deyə ekspert bildirib.
O hesab edir ki, Öcalanı ancaq Türkiyədəki PKK nümayəndələri dinləyə bilər. Durrenin sözlərinə görə, partiyanın İraq və Suriyadakı qanadları mübarizəni davam etdirəcək.
Qedy edək ki, oktyabrın 22-də Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Abdullah Öcalanın parlamentdə çıxış edərək PKK-nı silahı yerə qoymağa çağırmağı və terrorçuların liderinin azadlığa buraxılmasını təklif edib. Bundan bir gün sonra Türkiyənin Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) terror aktı törədilib. Terrorun PKK tərəfindən törədildiyi bildirilir. Terror hadisəsi nəticəsində 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Hadisə ilə əlaqədar olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərini yarımçıq qoyaraq ölkəyə qayıdıb.
Poliqon.info