AZ

Aİ-dən Yeni Makedoniya və Ermənistan Konstitusiyasında dəyişikliyə fərqli yanaşma: Brüsselin anlaşılmayan məntiqi - TƏHLİL

Qərbin demokratik dəyərlərdən manipulyasiya, geosiyasi maraqları naminə təsir vasitəsi kimi istifadə etdiyi çoxdan sirr deyil. Ötən onilliklər boyu sözdə demokratik dəyərlər carçısı rolu alan Qərb ölkələrdən asılı olaraq analoji durumlara fərqli münasibət sərgiləyir, ikili standartlara yol verir.

Bu qərəzli yanaşmaya dair yüzlərlə nümunə göstərmək olar. Ən son belə nümunələrdən biri isə Qərb ölkələrinin, xüsusilə Avropa İttifaqının Azərbaycan-Ermənistan və Şimali Makedoniya-Bolqarıstan münasibətlərindəki ziddiyyətli məqamlarla bağlı sərgilədiyi mövqedir.

Şimali Makedoniya və Bolqarıstan arasında hazırda ikitərəfli münasibətlərin mədəni və tarixi aspektləri üzrə bir sıra mübahisəli məsələlər var. Rəsmi Sofiya Şimali Makedoniyada yaşayan 120 min nəfərə yaxın bolqarın milli azlıq statusuna təminat verilməsini istəyir, bunun üçün Konstitusiyaya dəyişiklik olunmasını tələb edir. Bolqarıstan bu səbəbdən avrointeqrasiyanı xarici siyasətinin prioriteti elan edən Şimali Makedoniyanın 2005-ci ildən üzvlüyünə namizəd olduğu Avropa İttifaqı ilə danışıqlarına veto qoyur. Rəsmi Skopye isə bu tələblərlə razı olmasa da, Avropa İttifaqının təsiri ilə Konstitusiya dəyişikliyinə getməyə hazırlaşır. Ölkənin Baş naziri Xristian Mitskovski dəyişiklik üçün müvafiq təkliflər hazırlandığını bildirib.

Maraqlı olan Avropa İttifaqının bu məsələyə münasibətidir. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen oktyabrın 24-də Baş nazir Xristian Mitskovski ilə görüşündə Şimali Makedoniyanın Bolqarıstanla olan problemləri çözmək üçün Konstitusiya dəyişikliyinə getmək qərarını dəstəkləyib və bununla ölkənin Aİ üzvlüyünə daha yaxın olacağını bildirib. Qəribədir ki, Bolqarıstanın tarixi-mədəni mövzuda narahatlığına anlayışla yanaşaraq, Şimali Makedoniyanın Konstitusiya dəyişikliyinə getməsini dəstəkləyən Aİ eyni mövqeni Azərbaycana qarşı sərgiləmir, Ermənistanın Konstitusiya dəyişikliyinə getməsi üçün heç bir çağırış etmir. Halbuki, Ermənistan Konstitusiyasındakı məqamlar, tarixi-mədəni aspektdən deyil, milli təhlükəsizlik baxımından ciddi təhdidlər, regionda gələcək hərbi konfliktlərə qapı açan formullardan ibarətdir. Belə ki, 1996-cı ildə qəbul edilmiş Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Aktına istinad olunur. 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin qəbul etdiyi həmin sənədin mahiyyəti isə “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” Ermənistan Ali Soveti və “Dağlıq Qarabağın Milli Şurası”nın 1989-cu il 1 dekabr tarixli birgə qərarını rəhbər tutur. Beləliklə, Ermənistan Ali Sovetinin qanunsuz və istər SSRİ sənədlərini, istərsə də beynəlxalq hüquq normalarını pozan qərarı istinadlar zənciri vasitəsilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını legitimləşdirib.

Sülhə mane olan ən vacib məqam da məhz budur - Ermənistan Konstitusiyası. Bu barədə başda Prezident İlham Əliyev olmaqla, Azərbaycanın hərbi-siyasi rəhbərliyi dəfələrlə açıqlamalar verib, o cümlədən Avropa İttifaqı rəsmilərinə də bu barədə mövqeyini çatdırıb. Amma rəsmi Brüsselin, o cümlədən xanım von der Leyenin rəsmi Bakının narahatlığına qarşılıq verən, qonşusuna açıq ərazi iddiası irəli sürən Ermənistana yönəlik heç bir çağırışı olmayıb.

Ermənistan isə Konstitusiya dəyişikliyi ilə bağlı rəsmi Bakının haqlı tələblərinə konkret cavab vermək yerinə manipulyativ tezisləri davam etdirir.

Bu, İrəvanın sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasından çıxış etməsi ilə bağlıdır. Rəsmi Bakı isə haqlı olaraq heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı faktını xatırladaraq İrəvanı real danışıqlara dəvət edir. Daha bir manipulyativ məqam isə odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və digər rəsmi şəxslər sülh müqaviləsinin bir neçə mühüm müddəası, baza prinsipləri, o cümlədən Konstitusiyada yer alan müddəanı razılaşdırmadan, bu vaxta qədər təsdiqlənən mövcud şərtlərlə imzalanmasını təklif edir. Qeyri-ciddi, hətta absurd səslənən bu təklif ikitərəfli münasibətlərdəki problemin gələcəyə daşınması deməkdir.

Digər yandan, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəanın Konstitusiyadan çıxarılmaması sanki rəsmi Brüsselin marağındadır. Belə ki, Aİ və Fransa kimi ayrı-ayrı Aİ ölkələrindən siyasi, diplomatik və hərbi dəstək alan Ermənistan konstruktiv danışıqlarda iştiraka marağını itirir, sülh müqaviləsinin imzalanması prosesini uzadır. Aİ rəsmiləri isə Konstitusiya dəyişikliyi ilə bağlı məqamı sanki unudaraq, rəsmi Bakını Ermənistanla qısa zamanda sülh sazişi imzalamağa çağırır, Paşinayn hakimiyyətinə stimul verir.

Aİ Şimali Makedoniyaya konstitusiya dəyişikliyi üçün tətbiq etdiyi siyasi-diplomatik təsirini Ermənistana münasibətdə tamamilə dondurur, prosesə əks-təsir göstərir və sülh müqaviləsinin imzalanması ilə bağlı məsələni sanki qəsdən dalana dirəyir.

Avropa İttifaqı sülhə təhdid olan bu problemin aradan qaldırılmasına çalışmaq yerinə, əksinə, vəziyyəti gərginləşdirən addımlar atır. Monitorinq missiyası adı altında hərbi kəşfiyyat qurumlarında xidmət etmiş şəxslərdən ibarət heyəti Azərbaycanla həmsərhəd Ermənistan ərazilərində yerləşdirib, Bakının razılığı olmadan onların orada qalma müddətini uzadıb (halbuki ilk başda missiyanın ərazidə cəmi iki ay qalacağı Azərbaycanla razılaşdırılmışdı), bu da azmış kimi heyət üzvlərinin sayını da şübhəli keçmişi olan şəxslərin hesabına daha da artırır.

Beləliklə, Avropanın, ümumilikdə Qərbin ikili standartları Konstitusiya dəyişikliyi mövzusunda da ortaya çıxır.

İstənilən halda, Avropa İttifaqı yaxud digər beynəlxalq aktorlarından mövqeyindən asılı olmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla sülh müqaviləsini imzalamaqda səmimidirsə, gələcəkdə yeni problemlərə zəmin yaradacaq Müstəqillik Aktına istinadı ölkə Konstitusiyasından çıxarmaq barədə qərar verməli, Bakının haqlı tələbini reallaşdırmalıdır. Cənubi Qafqazda qalıcı sülh yalnız bu yolla əldə oluna bilər. Avropa İttifaqı, eləcə də digərləri bu həqiqəti birdəfəlik qəbul etməlidir.

APA Analytics

Seçilən
37
1
apa.az

2Mənbələr