AZ

Rusiya hökuməti kərə yağı idxalını rüsumdan azad edəcək

Kərə yağının bahalaşması fonunda Rusiya hökuməti altı ay müddətinə onun idxal rüsumlarını ləğv edə bilər.

Musavat.com xəbər verir ki, məlumatı “İnterfaks” qərarın müzakirəsi ilə tanış olan mənbələrə istinadən yayıb.

Mənbələrdən biri təklifin təşəbbüskarının Kənd Təsərrüfatı Nazirliyinin olduğunu qeyd edib.

Başqa bir mənbə bildirib ki, kərə yağı idxalında rüsumların sıfırlanması məsələsinə artıq gömrük alt komitəsində baxılıb və razılıq alınıb. Başqa bir mənbə aydınlaşdırıb ki, bu qərarın qəbulu üçün bu həftə baş tutacağı gözlənilən Avrasiya İqtisadi İttifaqı Komissiyası ilə məsləhətləşmələr aparmaq lazımdır.

Söhbət Aİİ-dən kənar ölkələrdən, xüsusən də İran və Hindistandan tədarükdən gedir.

Kərə yağı üçün əsas idxal rüsumu 15 faiz təşkil edir, lakin hər kq üçün 0,22 avrodan az olmamalıdır. Kənd Təsərrüfatı Nazirliyi “İnterfaks”ın sorğusuna cavab verməyib. Mənbələrin bildirdiyinə görə, kərə yağı ilə bağlı vəziyyət bir çox cəhətdən ötən ilin sonundakı yumurta ilə bağlı yaranmış vəzyyətə bənzəyir. Həmin vaxt tələbin artması fonunda qiymətlərin kəskin bahalaşması idxal rüsumunun sıfırlanması zərurətinə səbəb oldu. Bu rejim bu il iyunun 30-dək qüvvədə olub və 0,5 milyard ədədə qədər yumurta tədarükünə imkan verib. Kənd Təsərrüfatı Nazirliyi qüvvədə olma müddətinin sonunda bəyan edib ki, güzəştli idxalın uzadılmasına ehtiyac yoxdur.

Rosstat-ın məlumatına görə, ilin əvvəlindən Rusiyada kərə yağının qiymətləri 23,4 faiz artıb. Sentyabrda kərə yağı 5,1 faiz bahalaşıb ki, bu da süd məhsulları bazarında ən yüksək artım olub. Oktyabrın 15-dən oktyabrın 21-dək olan həftə ərzində artım 1,6 faiz təşkil edib.

Bu vəziyyət hakimiyyətin xüsusi diqqət obyektinə çevrilib. Keçən həftə baş nazirin müavini Dmitri Patruşevlə görüş buna həsr olunmuşdu və o, kərə yağının qiymətlərini sabitləşdirmək üçün maraqlı idarələrə bir sıra tapşırıqlar vermişdi. Baş nazirin müavini ilə növbəti görüş, mənbələrə görə, oktyabrın 31-nə təyin edilib. Qiymət dinamikasına görə “riskli” olan məhsulların qiymətlərinin saxlanılması üçün tədbirlərin müzakirəsi planlaşdırılır.

Rosselxoznadzorun məlumatına görə, oktyabrın 29-na Rusiyada kərə yağı istehsalı 384,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (371,3 min ton) 3,5 faiz çoxdur. Bundan əlavə, bu dövr ərzində Rusiyaya 112,3 min ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən 9 faiz çoxdur. Bu həcmin 8 min tona yaxını Azərbaycandan Rusiyaya ixracın payıdır. Rusiya hökuməti idxal rüsumlarını sıfırlasa, bu prosesin daha da sürətlənəcəyi gözlənilir...

 

Musavat.com

Seçilən
42
34
musavat.com

10Mənbələr