AZ

Tələbələrin haqlı etirazları: “Bu fənlər ləğv olunmalıdır”

“Universitetlərdə bəzi bir sıra fənlər tədris olunur ki, onlara hazırki dövrdə ehtiyac yoxdur. Çünki onlar nə tələbələrin, nə də əmək bazarının tələblərini qarşılamır. Ya həmin fənlər ləğv olunmalı, ya da mövzular dəyişdirilərək müasir tendensiya ilə ayaqlaşdırılmalıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Ekspertin sözlərinə görə, tələbələrin əsaslı və haqlı şikayətlərindən biri də bəzi fənlərin həm orta məktəbdə, həm də universitetdə tədris olunmasıdır:

“Hesab edirəm ki, orta məktəbdə keçirilən fənlər artıq ali təhsil müəssisələrində ləğv olunmalıdır. Onların tələbələrin gələcəyində nə karyera, nə də şəxsi inkişafında heç bir rolu olmayacaq. Əgər biz dünya universitetləri ilə ayaqlaşmaq istəyiriksə, bolonya sistemini tətbiq ediriksə, o zaman bu sistemin müsbət tərəflərini də biz Azərbaycan təhsil sistemində də tətbiq etməliyik ki, tələbələrimiz xaricdə magistr və ya doktorantura pilləsində təhsillərini davam etdirdikdə bir problem yaşamasın, həm də gələcək karyera həyatlarında əmək bazarının tələb etdiyi ixtisaslar üzərində rahatlıqla iş tapa bilsinlər. Hesab edirəm ki, hazırda bir çox ali təhsil müəssisələrində həm elmi, həm də texnologiya baxımından sürətli şəkildə inkişaf var. Bu inkişafın qarşısını almamaq, əksinə daha çox inkişaf etmək üçün universitetlərdə ixtisaslara, fənlərə, mövzulara təkrar nəzər salınmalı və yeniliklər edilməlidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr