İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkəmizdə biznesə daxilolma sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Bu sahədə son illərdə tətbiq edilmiş mütərəqqi təcrübələr nəzərə alınmaqla yenilənmiş təhlil DVX-nin rəsmi internet saytında yerləşdirilib.
Təhlilin aparılmasında beynəlxalq reytinq indikatorlarından, habelə biznesə başlama sahəsində əsas meyarlardan istifadə olunub. 100-dən çox sual ətrafında hazırlanmış təhlil biznesə başlamanın əsas məqamları, o cümlədən biznesin qurulması və əməliyyatların başlanması üçün xidmətlərin qarşılıqlı əlaqəsi, məlumatların onlayn mövcudluğu kimi aspektləri əhatə edir. Təhlildə cavablandırılan bütün suallar üzrə hüquqi əsaslandırmalar və istifadə olunmuş mənbələr göstərilib.
Təhlil materialı bu sahə ilə maraqlanan hər kəs üçün əlçatandır və geniş məlumat bazası rolunu oynamaqla etibarlı informasiyaya əlçatanlığı təmin edir. Yeni biznesə başlamaq istəyənlər, şəxsi şirkətlərini qurmaq arzusunda olanlar, eləcə də Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici investorlar üçün biznes bələdçisi kimi istifadə edilə bilər.
Qeyd edək ki, DVX ölkəmizdə biznesə başlama sahəsində hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatını apmaqla yanaşı, həm də tənzimləyici və nəzarətedici funksiyalar həyata keçirir. Hazırda “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi icra olunur.