AZ

Türistlər niyə bölgə hotellərini seçmirlər? -AÇIQLAMA

"Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 19-u Bakıdan kənara, rayonlara gedir. Bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar". Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Bəs bölgə hotelləri hansı amillərə görə Bakıdan geri qalır?

Mövzu iilə əlaqədar turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, daha çox turistlərin qalma müddəti ilə əlaqədardır:

"Turistlərin qaldıqları müddətin 80 faizi gecələmələrin sayına görə daha çox Bakı ərazisinə düşür. Bunun əsas səbəblərindən biri ölkəyə gəliş-gedişin Bakı üzərindən olması ilə əlaqədardır. Ölkənin hazırda hava məkanı açıqdır və nəzərə alsaq ki, bu giriş-çıxışın 90 faizdən çoxu Bakı Beynəlxalq Hava Limanı üzərindən həyata keçirilir, bu zaman beş günlük, yeddi günlük ölkəmizə gələn hər hansı bir turistin, ilk bir neçə gün və yaxud son bir neçə gün yenə də Bakı ərazisində olma məcburiyyəti yaranır. Bu da o deməkdir ki, həm giriş zamanı, həm də ölkədən çıxış üçün xarici qonaq Bakıda gecələməli olur. Qalan müddətdə isə regionlara səfər edə bilər. Eyni zamanda Bakıda hotellərin say çoxluğu da buna əlavə təsir göstərmiş olur".

Ekspertin sözlərinə görə, regionlara gələnlərin sayı ilbəil artmaqdadır.

"Nəzərə alsaq ki, bu ilin müvafiq dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz daha çox artım qeydə alınıb, turizm bazarı Azərbaycanda bərpa dövrünü yaşayır və bu artımın davam edəcəyi gözlənilir. Təbii ki, yaxşı olardı ki, ölkəmizdə digər beynəlxalq hava limanlarından da səmərəli istifadə olunsun. Çünki gəliş-gedişin 90 faizdən çoxunun ancaq bir hava limanının aparılması həmin əraziyə də, oradakı sıxlığa da təsir etmiş olur. Halbuki Gəncə, Lənkəran və digər beynəlxalq hava limanlarımız da bu səfərlər üçün kifayət qədər infrastruktura malikdir. Xüsusən nəzərə alsaq ki, Gəncə coğrafi olaraq ortada yerləşir, eyni zamanda Gəncə-Bakı arasında sürətli qatarlar mövcuddur, bu, bəzi uçuşların Gəncə üzərindən təşkil olunmasına və disbalansın aradan qaldırılmasına, dolayısı ilə də paytaxtda olan yüklənmənin azalmasına kömək edə bilər", - deyə C.Aşurov vurğuladı.

Sevinc İBRAHİMZADƏ

Seçilən
30
1
redaktor.az

2Mənbələr