AZ

Azərbaycanlı həkimlərin Almaniya "sevdası"

“Azərbaycanda həkimlərin əməkhaqqının artırılması ilə bağlı ümidlər var”.

Bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov məlumat verib.

O qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

“İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə çatdırır. Xərclənən vəsaitlər hesabına əməkhaqqının artırılması real olur. Biz bunu artıq görürük. 

Nazirlik əməkhaqqının artırılmadığı sahələr üzrə artırılması istiqamətində addımlar atır. Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini almalıdır".

Bildirək ki, məhz həkimlərin heç də hamısı aldığı əməkhaqqından razı deyil. Bu gün həkim və sonuncu kursda oxuyan tibb təhsili alan tələbələrin bir qismi alman dili kurslarına gedirlər. 

Yayılan xəbərlərə görə, 3 min həkim ölkədən gedib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, 5 min manat maaş alan həkim var.

Maraqlıdır, o zaman həkimlər niyə xaricə ölkələrə üz tuturlar?

Azərbaycan Həkimlər İctimai Birliyinin sədr müavini Aydın Əliyev “Cebheinfo.az”-a bildirib ki, həkimlərin maaşı ilə bağlı müvafiq qurumlar müxtəlif rəqəmlərlə çıxış edirlər:

“Bəzən 5 min, yaxud 10 min manat maaş alan həkimlərin olduğunu deyirlər. O həkimlərin sayı nə qədərdir? Belə maaş alan cəmi 5-10 həkim var. İstər 50-100 həkim olsun. Bəs digər 35 min həkimin maaşı ilə maraqlanmaq lazım deyil?

Məsələn, bir həkim gecə-gündüz çalışıb 5-10 min manat pul qazanırsa, onu əllərində bayraq edirlər. Poliklinikada 100 xəstə müayinə edən həkim nə qədər əməkhaqqı alır? Yəni, Azərbaycan səhiyyəsinin yükü 5-10 min manat pul alan bir neçə həkimin çiynində deyil.

Səhiyyənin yükü poliklinikada, təcili yardımda ayı 800-1000 manata illərlə işləyən həkimin çiynindədir. Həkim əlcək, kağız, xətkeş, qələm alır, katrec doldurur,  bəzi həkimlər var ki, onlardan aylıq pul yığırlar. Bu sözləri deyəndə isə fakt istəyirlər.

Hansısa həkimlə bağlı fakt göstərəndə ona qarşı kampaniyaya başlayacaqlar, sonra da işdən çıxardacaqlar. Ona görə də tibb işçisi də bu məlumatı verməyə qorxur. Qorxur ki, aldığı o cüzi maaşdan da məhrum olar”.

Onun sözlərinə görə, xaricə gedənlər universitetin son kursundan deyil, bəzən elə I, II kursdan alman dilinə hazırlaşmağa başlayırlar:

“Artıq 20 yaşı olan tələbə mövcud şəraiti başa düşür, dəfələrlə poliklinikaya, həkimə gedib, xəstəxanalardakı vəziyyəti, müasir avadanlığın olmadığını, tibb işçilərinin vəziyyətini görür və düşünür ki, 5 ildən sonra mən də bu vəziyyətdə olacam.

Ona görə də internetdə Almaniyadakı həkimin maaşına baxır, görür ki, rezident 3 min avro alır. Azərbaycanda isə rezident 450 manat maaş alır. O gedib Almaniyada həm yaxşı öyrənəcək, həm yaxşı mütəxəssis olacaq, həm də yaxşı maddi-rifah halı olacaq.

Biz onların qarşısını kəsə bilmərik. Əksinə. biz burdakı şəraiti yaxşılaşdırmalıyıq ki, onlar getməsin, qalsın. 

TƏBİB bu suala cavab verməlidir ki, burada vəziyyət yaxşıdırsa, həkimlər niyə gedir? Demək mövcud vəziyyəti görürlər”. 

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr